Bu gün səhər saatlarında “TEKNOFEST Azərbaycan” festivalı çərçivəsində “SMART Qarabağ” hakatonu start götürdü.

    Türkiyə və Azərbaycandan qatılan iştirakçıların qeydiyyatından sonra Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin rəqəmsallaşma sahəsində İctimaiyyətlə əlaqələr üzrə meneceri Vüsalə Səid qonaqları salamlayıb. Ardınca hakatonun təşkilatçısı olan “AzInTelecom” MMC-nin rəhbəri Elxan Əzizov yarışçılar qarşısında çıxış edib.

    E.Əzizov bildirib ki, bu gün müsabiqədə iştirak edən hər kəs işğaldan azad edilmiş Azərbaycan ərazilərində yenidənqurma işlərinə dəstəyini ifadə edir:

    “Biz inanırıq ki, bu müsabiqədən sizin güclü potensialınız və əzminiz sayəsində maraqlı və səmərəli ideyalarla, həmin ideyalar əsasında yaranacaq böyük layihələrin prototipləri ilə ayrılacağıq”.

    Daha sonra “AzInTelecom”un Korporativ Kommunikasiya və İctimaiyyətlə əlaqələr bölməsinin rəhbəri Səfər Aslanov tərəfindən iştirakçılara ilkin məlumatlar verilib və qaydalar izah olunub.

    Yarışçılar təlimatlandırıldıqdan və lazımi avadanlıqlarla təmin edildikdən sonra Hakatona start verilib.

    Bir müddət davam edən mübarizənin ardından iştirakçılar nahar fasiləsinə ayrılıblar. Fasilədən sonra ideya olaraq başlatdıqları işi real layihəyə çevirmək uğrunda əyani işlərə başlayıblar.

    Hazırda 30 komandanın yarışdığı hakatonda smart həllərin hazırlanması üçün rəqəmsal mübarizə tam gücü ilə davam edir.