“Technest”dən sahibsiz heyvanların qidalandırılmasını asanlaşdıran unikal həll – “ANIMAX”
24 Fev, 2022

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin (RİNN) elan etdiyi “Technest” təqaüd proqramı çərçivəsində “Code and More” təhsil layihəsinin tələbələri “AzInTelecom” MMC-nin dəstəyilə sahibsiz heyvanlara yardım edilməsini nəzərdə tutan “ANIMAX” adlı layihə hazırlayıblar.

Məqsəd küçə heyvanlarına diqqətin artırılması, onların qida ilə təmin olunması və bu istiqamətdə insanların işinin asanlaşdırılmasıdır.

Layihə mobil tətbiq və xüsusi olaraq hazırlanmış yem qablarından ibarətdir. Mobil tətbiqi yükləyən istifadəçi quraşdırılmış qurğunun yerini xəritədə asanlıqla seçib yem sifariş edir və həmin qurğu sifarişi qəbul edərək heyvanlar üçün nəzərdə tutulmuş qabı yemlə doldurur.

Beləliklə, insanlar layihənin köməyilə sahibsiz heyvanlara qayğı göstərərək onları rahatlıqla qida ilə təmin edə bilərlər.

Heyvanları yemlə təmin edən qurğuların Bakının müxtəlif ərazilərində quraşdırılması nəzərdə tutulur.

“Code and More” tələbələri “ANIMAX”ı ərsəyə gətirmək üçün kontroller cihaz, sensorlar, server, mobil tətbiq və veb-interfeysdən istifadə ediblər.

Layihənin mart ayında tam şəkildə təhvil verilməsi nəzərdə tutulur.

Xatırladaq ki, RİNN-in elan etdiyi “Technest” təqaüd proqramının məqsədi informasiya texnologiyaları üzrə ölkəmizdə kadrların yetişdirilməsini sürətləndirmək, bu sahədə mövcud çatışmazlıqları aradan qaldırmaq və ölkədə rəqəmsal inkişafa töhfə verməkdir. Proqram çərçivəsində “Code and More” ilə yanaşı, digər təhsil müəssisələrində də bulud həlləri, bulud inzibatçılığı, böyük verilənlər, kibertəhlükəsizlik, avtomatika, elektronika, müxtəlif proqramlaşdırma dilləri, “UI/UX” dizayn kimi müxtəlif istiqamətlər üzrə tədris həyata keçirilir.

“Technest” çərçivəsində mart ayında “Code and More” təhsil layihəsinə məktəblilər arasında avtomatika və elektronika üzrə növbəti tələbə qəbulu elan ediləcək.