26 – 29 may 2022 tarixlərində ilk dəfə olaraq Azərbaycanda Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin təşkilatçılığı ilə baş tutacaq “TEKNOFEST Azərbaycan” Aerokosmik və Texnologiya Festivalına dair mətbuat konfransı keçirilib.

Mətbuat konfransında Azərbaycan Respublikasının rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev, “TEKNOFEST” Müşahidə Şurasının sədri və Türkiye Teknoloji Takımı Vakfının (T3 Vakfı) rəhbəri Selçuk Bayraktar festivalla bağlı məlumat verib.

Festivalın keçirilməsində əsas məqsəd aviasiya, kosmik sənaye, rəqəmsal iqtisadiyyat və ətraf mühitin qorunması kimi sahələrin gənclər arasında təbliği, bu sahələrdə sahibkarlığın təşviq edilməsi, festival çərçivəsində təşkil olunan yarışlar vasitəsilə yeniyetmə və gənclərin bilik və bacarıqlarının üzə çıxarılması, eləcə də milli texnologiyaların geniş ictimaiyyətə təqdim olunmasıdır.

Qeyd olunub ki, “TEKNOFEST Azərbaycan” çərçivəsində yarışlar “Robotexnika”, “Yaşıl texnologiyalar (GreenTech)”, “Aqrar texnologiyalar (AgriTech)”, “Pilotsuz uçuş aparatları (PUA)”, “Həvəskar peyk modelləşdirilməsi”, “Sosial yönümlü texnologiyalar”, “Smart Qarabağ” Hakatonu, “Sailplaner”, “Baku Skills”, “Rocket League” oyunu üzrə Avropa kuboku daxil olmaqla 10 müsabiqə üzrə keçiriləcək.

Yarışlar üzrə əsas tərəfdaş qismində Energetika Nazirliyi, Təhsil Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi, “AzInTelecom” MMC, Azərkosmos, Aviasiya Akademiyası, ADA Universiteti, Azərbaycan Kiber İdman Federasiyası, Azərbaycan Beynəlxalq Bankı, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi və Rəqəmsal İnkişaf və İnnovasiyalar Agentliyi çıxış edirlər.

Tədbirin davamında Türkiyədən gəlmiş bir qrup tələbə səhnəyə dəvət edilib və əyalət tələbələrinin möhtəşəm uğuru barədə məlumat verilib.

Sonra “Robotexnika” müsabiqəsinə qatılmış, 6 şəhid övladından ibarət “Zəfər” komandasının təqdimatı dinlənilib. Şəhidlərimizin yadigarları “TEKNOFEST”in ölkəmizdə keçiriləcəyi xəbərini çox sevinclə qarşıladıqlarını və iştirak etməkdən məmnun olduqlarını dilə gətiriblər.

Daha sonra media nümayəndələrinin sualları cavablandırılıb.