“SİMA İmza” və “PAŞA Bank”dan sahibkarlar üçün bir ilk!
07 Dek, 2023

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində olan “AzInTelecom” MMC tərəfindən yaradılmış “SİMA İmza” maliyyə qurumları ilə əməkdaşlığını genişləndirməyə davam edir.

2022-ci ildən “SİMA İmza”nın tərəfdaşı olan “PAŞA Bank” müştərilərinə təqdim etdiyi daha bir xidməti SİMA yeni nəsil rəqəmsal imza vasitəsilə rəqəmsallaşdırıb.

Belə ki, sahibkarların rahatlığını düşünərək, ilk dəfə olaraq, “PAŞA Bank”ın onlayn bank platformasına “SİMA İmza” ilə daxil olmaq imkanı yaradılıb. Artıq sahibkarlar qeyd olunan bank platformasında təqdim olunan bütün xidmətlərdən yararlana bilərlər.

“SİMA İmza”nın əlçatanlığı (heç yerə getmədən mobil telefona yükləmək və qeydiyyatdan keçmək kifayətdir) “PAŞA Bank” müştəriləri üçün əlavə üstünlük yaradır.

Xatırladaq ki, “PAŞA Bank” ilə həyata keçirilmiş əvvəlki inteqrasiyaya əsasən, bankın əməkhaqqı kartı sahibləri nağd pul kreditləri ilə bağlı sorğularını mobil tətbiq üzərindən göndərə, müvafiq sənədləri SİMA yeni nəsil rəqəmsal imza vasitəsilə imzalayaraq məsafədən kredit əldə edə bilərlər. Eyni zamanda biznes kreditlərinin onlayn rəsmiləşdirilməsi zamanı “zaminlik-təsisçi qərarı sənədi”ni “SİMA İmza” ilə məsafədən imzalaya bilərlər.

“SİMA İmza” həm vətəndaşlar, həm də xidmət təklif edənlər üçün bir sıra üstünlüklər yaradır. Yeni nəsil rəqəmsal imza ilə maliyyə xərcləri azalır, vaxt itkisi aradan qalxır. Həmçinin “SİMA İmza”nın istənilən sistemə inteqrasiya oluna bilməsi, eləcə də avtomatlaşdırma funksiyası istifadəçilərə sürətli və istənilən sayda imzalama imkanı qazandırır.

Vətəndaşların bu imkanlardan faydalanmaq üçün “SİMA İmza” tətbiqini mobil cihaza yükləməsi və bir dəfə qeydiyyatdan keçməsi kifayətdir. Rəqəmsal xidmətlərə əlçatanlığı artıran “SİMA İmza” ölkəmizdə biznes proseslərini sürətləndirəcək. SİMA yeni nəsil rəqəmsal imza ilə bağlı daha ətraflı məlumatı www.sima.az saytından və “157” Zəng Mərkəzi ilə əlaqə saxlayaraq əldə edə bilərsiniz.