Son xəbərlər
- “AzInTelecom” MMC yeni “AzInCloud” platformasını istifadəyə verib 29 Noy, 2024
- Paşa Kapitalda “SİMA İmza” ilə məsafədən hesab açmaq imkanı yaradılıb 28 Noy, 2024
- “AzInTelecom” MMC “Africa Tech Festival 2024”də iştirak edib 26 Noy, 2024
- SİMA minlərlə ağacın qorunmasına töhfə verir 25 Noy, 2024
- Azərbaycanda yaşıl texnologiyalar əsasında iki yeni data mərkəzi tikiləcək 23 Noy, 2024
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin (RİNN) tabeliyində fəaliyyət göstərən Məlumat Hesablama Mərkəzi (MHM) nazirliyin digər qurumu “AzInTelecom” MMC-yə birləşdirilib.
Prezident İlham Əliyevin 2021-ci il 27 aprel tarixli Fərmanına əsasən ölkəmizdə rəqəmsal transformasiya sahəsində fəaliyyətin təşkili, əlaqələndirilməsi və həyata keçirilməsi RİNN-ə həvalə edilib. Fərmanın icrası məqsədilə RİNN-in tabeliyində olan qurumlarda korporativ idarəetmənin və dövlət əmlakından istifadə mexanizmlərinin təkmilləşdirilməsi, sözügedən qurumların fəaliyyətinin səmərəliləşdirilməsi istiqamətində işlərə başlanılıb.
“Rəqəmsal transformasiya sahəsində idarəetmənin təkmilləşdirilməsi haqqında” Fərmanla yanaşı, “Hökumət buludunun (G-cloud) yaradılması və bulud xidmətlərinin göstərilməsi sahəsində tədbirlər haqqında” Fərman da iki qurumun birləşdirilməsini, eləcə də “AzInTelecom”un yenidən təşkilini aktual edib. Birləşmə Data mərkəzində infrastruktur işlərinin optimallaşdırılmasına, bulud texnologiyasına əsaslanan bulud xidmət modellərində dövlət informasiya sistemlərinin və ehtiyatlarının formalaşdırılmasına, elektron xidmətlərin təşkili üçün texniki heyətin bir mərkəzdə cəmləşdirilməsinə, bu sahədə xərclərin optimallaşdırılmasına və gəlirlərə vahid nəzarət mexanizminin təmin edilməsinə imkan yaradacaq.
“AzInTelecom”un yenidən təşkili ilə Data mərkəzində həyata keçiriləcək yeniliklər sayəsində Böyük həcmli məlumatlar (Big data) kimi təşəbbüslərin tətbiqində uğurların qazanılması, habelə “Ağıllı şəhər (Smart City)” və “Ağıllı kənd (Smart Village)” konsepsiyasının sürətli icrası mümkün olacaq.
Yeni yanaşma rəqəmsal imza sertifikatının da inkişaf etdirilməsinə şərait yaradır. Biometrik autentifikasiya və bulud texnologiyalarını özündə birləşdirən elektron imza konsepsiyası ilə vətəndaşlara operativ və daha əlçatan rəqəmsal imza xidməti göstəriləcək.
Qeyd edək ki, birləşmə texnoloji sistemlərin, eləcə də xidmət və məhsulların inteqrasiyasına imkan yaradaraq yeni sahibkarlıq subyektlərinin formalaşması üçün üfüqlər açacaq. Zəngin İKT ənənələrinə malik MHM-in qabaqcıl rəqəmsal infrastruktura sahib “AzInTelecom”a birləşdirilməsi transformasiya üzrə proseslərin effektiv yerinə yetirilməsinə təkan verəcək, habelə Azərbaycanın regionda innovasiyalar mərkəzinə çevrilməsinə və rəqəmsal iqtisadiyyatın inkişafına xidmət edəcək.