Hackathon
“Sizin plan B: Biznesin davamlılığı” adlı onlayn konfrans keçirilib
14 Apr, 2021

    Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində fəaliyyət göstərən “AzInTelecom” MMC-nin təşkilatçılığı ilə “Sizin plan B: Biznesin davamlılığı” adlı onlayn konfrans keçirilib.

    “Microsoft Teams” rəqəmsal platforma vasitəsilə keçirilmiş konfrans “Biznes dayanıqlılığı – davamlılıq yanaşması”, “Veeam ilə qəza hallarının bərpası və bulud məlumatlarının idarəedilməsinə ümumi baxış”, “Yeni normalara uyğun kiber davamlılıq” və “Biznesin davamlılığına doğru 10 addım” kimi aktual mövzuları özündə cəmləşdirib.

    Konfransın əsas məqsədi Azərbaycanda dövlət və özəl qurumların fəaliyyətlərində yarana biləcək potensial xətalardan müdafiə, onların yaranma ehtimalının azaldılması və bərpası məqsədilə biznesin davamlılığı prinsipləri ilə tanışlıq və dayanıqlılıq yanaşmasının təbliği idir.

    Tədbirdə “AzInTelecom” MMC, "Palo Alto Networks" “Veeam Software”, Norveçin “DNV GL” şirkətlərindən nümayəndələr spiker qismində çıxış edərək bu sahədə öz bilik və faydalı məsləhətlərini iştirakçılarla bölüşüb. Spikerlər biznesdə yarana biləcək qəfil xəta və gözlənilməz hallara hazır olmaq və çətin şəraitdə biznes fəaliyyətini davam etdirmək üçün biznesin davamlılığı planının vacibliyini vurğulayıblar. Konfransa Azərbaycanla yanaşı, Türkiyə, İngiltərə, Sinqapur, İsrail, İsveçrə, Hindistan, Almaniya, ABŞ, Norveç, Mavritaniya və digər ölkələrdən qeydiyyatdan keçmiş 41 nəfər iştirakçı qoşulub. Sonda spikerlər tədbir iştirakçılarının suallarını cavablandırıblar.

    Qeyd edək ki, “AzInTelecom” MMC biznesin davamlılığı idarəetmə sistemi standartı (ISO 22301) sertifikatına layiq görülmüş ilk Azərbaycan şirkətidir.  Qurum sertifikatın əldə olunması üçün Norveçin “DNV GL” şirkəti tərəfindən aparılan müstəqil auditdən keçib. Bu sertifikat “AzInTelecom” və onun data mərkəzi əsasında xidmət göstərən AZCLOUD bulud həllərinin əlverişsiz şəraitdə də fəaliyyətini davam etdirməsinin mümkünlüyünü təsdiq edir.

    Xatırladaq ki, “AzInTelecom” MMC tərəfindən Azərbaycan və Cənubi Qafqaz regionunda Tier 3, informasiya texnologiyaları xidmətləri üzrə (ISO 20000), biznesin davamlılığı üzrə (ISO 22301) və informasiya təhlükəsizliyi üzrə (ISO 27001) idarəetmə sistemi standartları sertifikatlarına malik ilk Data Mərkəzi əsasında “AZCLOUD” bulud xidmətləri göstərilir.