“SMART Qarabağ” Hakatonunun son günü başa çatdı. Səhər saatlarında başlanan Yoqa məşğələsi komanda üzvlərinin iki gündür davam edən gərginliyini azaltmış oldu. Səhər yeməyindən sonra iştirakçılar hazırladıqları ağıllı həllərə son akkordlarını vurdular.

Layihələrin tamamlanma mərhələsində rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Hakaton keçirilən əraziyə gələrək komandaların hazırladıqları ağıllı həllərin prototipləri ilə tanış olub, layihələrlə yaxından maraqlanıb. Görüşün sonunda yarış iştirakçıları və könüllülərlə xatirə fotosu çəkilib.

Saat 11:00-da Hakatona STOP deyildi.

Komanda üzvləri hazırladıqları smart avadanlıqlardan uzaqlaşdılar. İşğaldan azad edilən Azərbaycan ərazilərində tətbiq edilmək məqsədilə ərsəyə gətirilən böyük ixtiraların prototipləri münsiflərə təqdim olunmağa başladı. Həmin ərazilərdə kənd təsərrüfatının inkişafı, minalardan təmizləmə, ağıllı parkinq və digər sahələr üzrə smart həllər üçün layihələr hazırlanıb.


Dünənki püşkatmanın nəticəsinə uyğun olaraq komandalar həmin ardıcıllıqla ağıllı həllərinin necə işlədiyini, hansı üstünlükləri olduğunu izah ediblər. Yaradılan avadanlıq və ya proqram təminatı isə öz işini nümayiş etdirərək nəyi bacardığını göstərdi.


Nahar yeməyindən sonra iştirakçılara istirahət üçün verilən qısa müddətli ümumi fasilənın ardınca təqdimatlar davam etdi. Münsiflər heyəti hər komandanın ortaya çıxartdığı məhsula dair rəylərini qeyd etdilər.

Hakatonda layihələrin qiymətləndirilmə mərhələsi yekunlaşıb və artıq jürilər müsabiqənin qaliblərini seçiblər.

Sabah “SMART Qarabağ” Hakatonunun qalibləri və onların yaratdıqları ağıllı həllər öz mükafatlarına qovuşacaqlar.