Hackathon
“AzInTelecom” MMC “Hökumət buluduna Keçid Planı” üzrə dəyirmi masalar təşkil edib
07 İyn, 2021

    Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində fəaliyyət göstərən "AzInTelecom" MMC-nin “Azcloud Hökumət Həlləri” layihəsi çərçivəsində, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin müvafiq qərarı ilə təsdiq edilmiş “Dövlət informasiya sistemlərinin və ehtiyatlarının “Hökumət buludu”na Keçid Planı” üzrə dəyirmi masa görüşləri keçirilib.

    Normativ, miqrasiya, maliyyə və texniki məsələlərin müzakirəsi məqsədilə 2020 - 2021-ci illər ərzində “Hökumət buludu”-na keçidi nəzərdə tutulmuş 161 dövlət qurumundan, birinci və ikinci mərhələ üzrə 36 -nın nümayəndələri ilə 16 mart- 20 may 2021-ci il tarixləri arasında dəyirmi masa görüşləri təşkil olunub. Görüşlərdə “Hökumət buludu” konsepsiyasınının tətbiqi zamanı miqrasiyanın təşkili, ehtiyat, maliyyə aspektləri, arxiv üçün mərkəzlərdən istifadə imkanları, informasiya təhlükəsizliyi, hüquqi mexanizm və iştirakçıları maraqlandıran digər sahələr üzrə suallar cavablandırılıb.

    Qeyd edək ki,  digər dövlət qurumları ilə üçüncü mərhələdə cari ilin sonunadək görüşlərin keçirilməsi planlaşdırılır.

    “Hökumət buludu”na keçidlə, dövlət qurumları ənənəvi İT infrastrukturdan “bulud”a miqrasiya edib, İT resurslarını qısa zamanda əldə edərək layihələrini daha çevik və effektiv şəkildə həyata keçirir, işçilərin məhsuldarlığını artırırlar.

    Xatırladaq ki, Azərbaycanın regionda rəqəmsal mərkəzə çevrilməsi istiqamətində aparılan ardıcıl islahatlarda önəmli rol oynayan “AzInTelecom” MMC Azərbaycan və Cənubi Qafqaz regionunda “TIER III”, “ISO 20000”, “ISO 22301” və “ISO 27001” sertifikatlarına malik ilk əlçatanlıq zonası əsasında “AZCLOUD” bulud, “AZCLOUD Enterprise” və “Hökumət həlləri” xidmətlərini göstərir.