“Vaxtında rezervlənmə ilə məlumat itkisinin birdəfəlik həlli” adlı vebinar keçiriləcək
18 Dek, 2020

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində fəaliyyət göstərən “AzInTelecom” MMC tərəfindən “AZCLOUD”un “Rezervlənmə” xidməti haqqında “Vaxtında rezervlənmə ilə məlumat itkisinin birdəfəlik həlli” adlı vebinar təşkil ediləcək.      

   

22 dekabr saat 11:00-da rəqəmsal platforma vasitəsilə keçiriləcək vebinar məlumatların qorunmasının vacibliyi, “AZCLOUD”un “Rezervlənmə” xidməti vasitəsilə məlumatların qorunması, rezervlənmə panelinin nümayişi və planlaşdırılan yeniliklər haqqında geniş məlumatı özündə cəmləşdirir.

“AZCLOUD”  bulud xidmətlərinin mövcud və potensial müştəriləri ilə yanaşı, informasiya texnologiyaları sahəsi, bilavasitə bulud xidmətləri və rezervlənmə həlləri ilə maraqlanan fiziki və hüquqi şəxslər tədbirdə iştirak edə bilər.  Vebinarda iştirak ödənişsizdir.

Onlayn tədbirdə “AzInTelecom” MMC-nin bulud texnologiyaları üzrə eksperti, “Veeam Software” şirkətinin bulud həlləri üzrə spesifik tələblərini yerinə yetirərək rəsmi sertifikat alan Fərrux Fərəcullayev çıxış edəcək. Vebinarda iştirak etmək üçün 20 dekabr 2020-ci il tarixinə qədər qeyd olunan link vasitəsilə qeydiyyatdan keçmək lazımdır: https://forms.gle/zN97sF9w9DswV2PV6

“AzInTelecom” MMC rezervlənmə həllərində lider olan “Veeam Software” şirkəti ilə uzunmüddətli və məhsuldar əməkdaşlıq fəaliyyətindən sonra “Veeam”in Gümüş Tərəfdaşı statusunu əldə edib. “AZCLOUD”un təqdim etdiyi “Rezervlənmə” xidmətindən istifadə zamanı müştəri məlumatlarının və bulud infrastrukturunun daimi rezervlənməsi həyata keçirilir. Məlumat itkisi baş verdikdə “Rezervlənmə” xidməti vasitəsilə onun tez bir zamanda bərpası təmin edilir və müştəri üçün mühüm olan məlumatların qorunub saxlanılması asanlaşdırılır.                 

 

Qeyd edək ki, “AzInTelecom” MMC AZCLOUD brendi altında İT, maliyyə, media, qida, turizm, təhsil, neft və qaz, nəqliyyat, kommunal və digər sahələrdəki qurumlara “Bulud infrastrukturu”, “Yerləşdirmə”, “AZCLOUD Drive”, “Arxivləşdirmə”, “Rezervlənmə”, “Microsoft” məhsulları, “Videokonfrans” və “Virtual IP Telefoniya” xidmətləri göstərir.