“SİMA İmza” ilə “PAŞA Bank”ın sahibkar kreditini ofisdən çıxmadan əldə et!
28 Noy, 2023

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində olan “AzInTelecom” MMC tərəfindən yaradılmış “SİMA İmza” maliyyə qurumları ilə əməkdaşlığını genişləndirməyə davam edir.

Belə ki, 2022-ci ildən “SİMA İmza”nın tərəfdaşı olan “PAŞA Bank” müştərilərinə təqdim etdiyi daha bir xidməti SİMA yeni nəsil rəqəmsal imza vasitəsilə rəqəmsallaşdırıb. Artıq müəssisə təsisçiləri biznes kreditlərinin onlayn rəsmiləşdirilməsi zamanı “zaminlik-təsisçi qərarı sənədi”ni “SİMA İmza” ilə məsafədən imzalaya bilərlər.

Bu günə qədər həmin kreditlərin rəsmiləşdirilməsi üçün təsisçi tərəfindən sənədlərin əl imzası və ya digər elektron imza ilə imzalanması tələb edilirdi. Təsisçi elektron imzası olmadığı halda sənədi əl ilə kağız daşıyıcıda imzalayaraq kuryerlə banka göndərməli olurdu. Kağız daşıyıcının banka çatdırılması isə 1-2 gün ərzində baş verdiyindən kreditin rəsmiləşdirilməsində gecikmələr yarana bilirdi. Digər elektron imzanı əldə etmək üçün isə təsisçi müəyyən bir satış məntəqəsinə getməli, sənəd toplamalı və ödəniş etməli olurdu.

Artıq “SİMA İmza” vasitəsilə qeyd edilən proses tam rəqəmsallaşdırılıb. Bununla da sahibkarın sənədi kağız daşıyıcıda imzalayaraq banka göndərməsinə və ya elektron imza əldə etmək üçün hər hansı məntəqəyə getməsinə ehtiyac qalmayıb. Bundan sonra müştərilər “zaminlik-təsisçi qərarı sənədi”ni “SİMA İmza” ilə anında imzalamaqla banka getmədən kredit əldə edə bilərlər.

“SİMA İmza”nın vətəndaşlar üçün pulsuz olması və əlçatanlığı (heç yerə getmədən mobil telefona yükləmək və qeydiyyatdan keçmək kifayətdir) “PAŞA Bank” müştəriləri üçün əlavə üstünlük yaradır.

Xatırladaq ki, “PAŞA Bank” ilə həyata keçirilmiş əvvəlki inteqrasiyaya əsasən, bankın əməkhaqqı kartı sahibləri nağd pul kreditləri ilə bağlı sorğularını mobil tətbiq üzərindən göndərə, müvafiq sənədləri SİMA yeni nəsil rəqəmsal imza vasitəsilə imzalayaraq məsafədən kredit əldə edə bilirlər.

“SİMA İmza” həm vətəndaşlar, həm də xidmət təklif edənlər üçün bir sıra üstünlüklər yaradır. Yeni nəsil rəqəmsal imza ilə maliyyə xərcləri azalır, vaxt itkisi aradan qalxır. Həmçinin “SİMA İmza”nın istənilən sistemə inteqrasiya oluna bilməsi, eləcə də avtomatlaşdırma funksiyası istifadəçilərə sürətli və istənilən sayda imzalama imkanı qazandırır.

Vətəndaşların bu imkanlardan faydalanmaq üçün “SİMA İmza” tətbiqini mobil cihaza yükləməsi və bir dəfə qeydiyyatdan keçməsi kifayətdir. Rəqəmsal xidmətlərə əlçatanlığı artıran “SİMA İmza” ölkəmizdə biznes proseslərini sürətləndirəcək.

SİMA yeni nəsil rəqəmsal imza ilə bağlı daha ətraflı məlumatı www.sima.az saytından və “157” Zəng Mərkəzi ilə əlaqə saxlayaraq əldə edə bilərsiniz.