Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində olan “AzInTelecom” MMC-nin nümayəndələri Dubayda keçirilən “GITEX Global 2023” sərgisində iştirak edib.
Qurumun rəhbəri Elxan Əzizovun başçılıq etdiyi nümayəndə heyəti 16-20 oktyabr tarixlərində baş tutan sərgi zamanı süni intellekt, informasiya texnologiyaları və bulud həlləri sahəsində nümayiş olunan ən son texnoloji yeniliklərlə tanış olublar.
Sərgi çərçivəsində “AzInTelecom” əməkdaşları Birləşmiş Ərəb Əmirliklərinin G-42 holdinq və MORO şirkətinin data mərkəzlərini ziyarət edib. Daha sonra G-42 holdinqə daxil olan “Khazna” şirkətinin təmsilçiləri ilə görüş keçiriblər. Görüş zamanı tərəflər arasında əməkdaşlıq perspektivləri müzakirə olunub.
Qeyd edək ki, “GITEX Global 2023” sərgisi dünyanın texnoloji güc mərkəzlərini, investorları, texnologiya liderlərini və innovativ həllər təqdim edən qurumları bir araya toplayan ən geniş miqyaslı beynəlxalq tədbir hesab olunur.