“AzInTelecom” MMC ilə AZSTAND arasında əməkdaşlıq memorandumu imzalanıb
05 Apr, 2023

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində olan “AzInTelecom” MMC və
İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin
tabeliyində olan “Azərbaycan Standartlaşdırma İnstitutu” publik hüquqi şəxsi (AZSTAND
PHŞ) arasında əməkdaşlıq memorandumu imzalanıb.

Memorandumu “AzInTelecom” MMC-nin İdarə Heyətinin sədri Elxan Əzizov və
“Azərbaycan Standartlaşdırma İnstitutu” PHŞ-nin baş direktoru İlham Bayramov
imzalayıb.

Tərəflər memorandumla razılaşdırıb ki, texniki tənzimləmə, standartlaşdırma,
uyğunluğun qiymətləndirilməsi, sertifikatlaşdırma üzrə informasiya təhlükəsizliyi,
qabaqcıl informasiya-kommunikasiya texnologiyaları, rəqəmsal texnologiyaların inkişafı
üzrə birgə layihələr həyata keçirəcəklər.

Həmçinin keyfiyyət infrastrukturu çərçivəsində işlərin təşkili, təkmilləşdirilməsi və bu
sahədə ehtiyac ola biləcək digər istiqamətlər üzrə birlikdə müvafiq tədbirlərin görülməsi
nəzərdə tutulur.

Qeyd edək ki, “AzInTelecom” MMC Azərbaycan və Cənubi Qafqaz regionunda “TIER
III” Beynəlxalq uyğunluq sertifikatına malik ilk qurumdur. Bundan əlavə, Bakı və
Yevlaxda yerləşən “ISO 20000”, “ISO 22301” və “ISO 27001” sertifikatlarının tələblərinə
cavab verən Data mərkəzlərinə sahibdir.

Şirkətə məxsus Data mərkəzləri vasitəsilə dövlət və özəl sektora “Bulud infrastrukturu”,
“Yerləşdirmə”, “Arxivləşdirmə”, “Rezervlənmə”, “Fövqəladə vəziyyətlərdə məlumatların
qorunması – DRaaS”, “Microsoft” məhsulları, “Oracle” məhsulları və “Virtual İP
Telefoniya” kimi genişmiqyaslı və çoxşaxəli bulud xidmətləri təqdim edilir.

“Azərbaycan Standartlaşma İnstitutu” PHŞ standartların hazırlanması, qəbulu və ləğv
edilməsi, normativ sənədlərin Dövlət Fondunun idarə edilməsi, standartlaşdırma və
uyğunluğun qiymətləndirilməsi fəaliyyətinin təşviq edilməsi istiqamətində fəaliyyət
göstərir. AZSTAND 2017-ci ildən ISO-nun tamhüquqlu üzvüdür.