Saxta İMEİ köçürülən telefonlar vətəndaşlara hansı təhlükələr yaradır?
08 Sen, 2022

Azərbaycana gətirilən mobil cihazların İMEİ kod üzrə qeydiyyatı zamanı bəzi hallarda saxtakarlığa yol verilir. Bu prosesə daha çox mobil telefonlarda rast gəlinir. Qanuna görə, xaricdən gətirilən mobil telefonlar ölkə telekommunikasiya şəbəkəsində istifadə olunması üçün 30 gün ərzində qeydiyyatdan keçirilməlidir. Bu zaman da cihazın satış qiymətinə uyğun olaraq dövlət rüsumunun ödənilməsi nəzərdə tutulur.

Bəzi işbazlar isə dövlət rüsumunu ödəməmək üçün daha öncə qeydiyyatdan keçmiş telefonun İMEİ kodunun surətini  yeni telefonlara köçürürlər. Surəti köçürülmüş  İMEİ kodun məxsus olduğu cihazın sahibi isə bu prosesdən tamamilə məlumatsız olur.  Surəti köçürülmüş İMEİ üzrə istifadə olunan minlərlə mobil telefonun sahibi daha sonra müəyyən çətinliklərlə qarşılaşır.

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən “AzInTelecom” MMC tərəfindən surəti köçürülmüş İMEİ-lərə qarşı intensiv mübarizə aparılır.

Bununla bağlı “AzInTelecom” MMC-nin Mobil Cihazların Qeydiyyatı şöbəsi mütəmadi olaraq monitorinq edərək surətinin köçürülməsi  şübhəsi olan İMEİ kodlar üzrə ətraflı araşdırma aparır. Nəticədə, surətinin köçürüldüyü aşkarlanan İMEİ koda “klon” statusu verilərək istifadəsi məhdudlaşdırılır. Həmin İMEİ kodun köçürüldüyü cihazlar yalnız üzərində olan nömrələrlə telekommunikasiya şəbəkəsindən istifadəyə davam edirlər. Mobil cihazda sim kart dəyişikliyi edildikdə telefonun şəbəkəyə qoşulması mümkün olmur. Bu halla rastlaşan şəxslər prosesin rəsmiləşdirilməsi üçün şəxsiyyət vəsiqəsilə birgə ölkə üzrə daha geniş xidmət şəbəkəsinə malik olan “Azərpoçt” MMC-nin filiallarına yaxınlaşmalıdır.

“AzInTelecom” MMC-nin Mobil Cihazların Qeydiyyatı şöbəsi tərəfindən İMEİ-lərinin surəti köçürülmüş mobil cihazlara qarşı mübarizə tədbirləri çərçivəsində bu günə kimi 170 İMEİ koda “klon” statusu verilib. Həmin İMEİ kodlar “klon” statusu verilməmişdən öncə son üç ayda 41 373, son bir ildə isə 117 104 ədəd mobil nörməyə aid abunəçi kimliyi ilə şəbəkədə görünüblər.

Araşdırma nəticəsində məlum olub ki, məhdudlaşdırıldıqdan sonra həmin İMEİ kodlarla bu günə qədər 19 240 dəfə şəbəkəyə qoşulmağa cəhd edilib və hər birinə imtina cavabı verilib.

Surəti köçürülmüş İMEİ kodlarla bağlı “Azərpoçt” MMC-nin filialları vasitəsilə daxil olan müraciətlər üzrə də araşdırma aparılır. Bu günədək poçt məntəqələrinə ümumilikdə 11 İMEİ üzrə müraciət edilib.

Analitik qrup tərəfindən araşdırma aparılıb və onlardan 4 ədədi əsaslı olduğu üçün, yəni nömrə dəyişməsi ilə əlaqədar olmasına görə müsbət rəy verilərək sistemdə ərizələri təsdiq olunub. Yeddi müraciət isə əsassız olduğu üçün imtina cavabı verilib.

 İMEİ kodu köçürülmüş mobil telefondan istifadə etmək vətəndaşların təhlükəsizliyi baxımından müəyyən risklər yaradır. Bu cür cihazlar kiber hücumlara qarşı zəif qorunur.

Həmçinin, qanun pozuntusu etdiyi üçün barəsində hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılan şəxsin istifadə etdiyi mobil cihazla sizin telefonun İMEİ kodu klonlaşdırılmış ola bilər. Bu da əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsində problemlər yarada bilir.

Bu cür hallarla qarşılaşmamaq, işbazlar tərəfindən aldadılmamaq üçün yeni əldə etdiyiniz və ya hazırda istifadənizdə olan mobil telefonların İMEİ kodunun surətinin köçürülməsi statusu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən “AzInTelecom” MMC tərəfindən hazırlanan Vahid Elektron Xidmətlər Portalından məlumat əldə edə bilərsiniz.

Bunun üçün telefonun ekranında *#06# yığaraq cihazın İMEİ kodunu öyrənin, daha sonra Vahid Elektron Xidmətlər Portalına – portal.rinn.az saytına daxil olaraq “İMEİ yoxlama” xidmətinə keçid edin.

Ekranda görünən xanaya İMEİ kodu daxil edib “Yoxla” düyməsinə klik edərək telefonunuzun İMEİ koduna “klon” statusu verilib-verilmədiyini öyrənin. Əgər cihazınızın  İMEİ nömrəsi köçürülübsə, ekranda “Cihazın istifadəsi məhdudlaşdırılıb. Surəti köçürülüb, yalnız müəyyən nömrələrlə istifadəsinə icazə verilib” mesajı sizə təqdim ediləcək. Bu halda, məsələnin həlli üçün “Azərpoçt” MMC-nin filiallarına müraciət etməyiniz tövsiyə olunur.