“AzInTelecom” MMC-nin rəhbəri Elxan Əzizov şirkətdə çalışan müharibə iştirakçıları ilə görüşüb
28 İyn, 2022

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən “AzInTelecom” MMC-nin İdarə heyətinin sədri Elxan Əzizov 26 İyun – Silahlı Qüvvələr Günü münasibətilə şirkətdə çalışan Vətən müharibəsi iştirakçıları ilə görüş keçirib. Görüşün əvvəlində Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olmuş həmvətənlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

“AzInTelecom” MMC-nin rəhbəri Elxan Əzizov çıxış edərək əməkdaşları və onların timsalında Vətən müharibəsi qazilərini, iştirakçılarını və bütün Azərbaycan xalqını Silahlı Qüvvələr Günü münasibətilə təbrik edib.

Qeyd edilib ki, hazırda “AzInTelecom” MMC-də 12 nəfər Vətən müharibəsi iştirakçısı çalışır. Şirkətin bir neçə əməkdaşı müharibə zamanı çağırışçı kimi döyüşlərə qatılaraq aktiv hərbi əməliyyatlarda iştirak ediblər. 6 nəfər isə döyüşlər bitəndən sonra şirkətdə işlə təmin edilib. Həmin şəxslər nazirliyə etdikləri müraciətlər əsasında işə qəbul ediliblər.

Görüş zamanı şirkət rəhbərliyi müharibə iştirakçılarına hədiyyələr təqdim edib və onların iş şəraiti ilə bağlı fikirlərini öyrənib.

“AzInTelecom” MMC-nin əməkdaşları olan müharibə iştirakçıları onlara göstərilən diqqət və qayğıya görə, həmçinin şirkətdə yaradılan şəraitə görə minnətdarlıqlarını bildiriblər.

Qeyd edək ki, “AzInTelecom” MMC torpaqlarımız işğaldan azad edildikdən sonra həmin ərazilərdə insanların həyat şəraitini asanlaşdırmaq və yenidənqurma prosesinə öz töhfəsini vermək üçün bır sıra addımlar atıb. 26 – 29 may tarixlərində Bakıda keçirilən “TEKNOFEST Azərbaycan” festivalı çərçivəsində “AzInTelecom” MMC tərəfindən təşkil olunan “SMART Qarabağ” Hakatonuna qardaş Türkiyə və Azərbaycandan 30 komanda qatılıb. Yarışçılar həmin ərazilərdə kənd təsərrüfatının inkişafı, minalardan təmizləmə, ağıllı parkinq və digər sahələr üzrə smart həllər üçün layihələr hazırlayıb. Onlar arasından seçilən 3 komanda mükafatlandırılıb, birinci yeri tutan “Safe Karabakh” mobil tətbiqinin prototipini hazırlayan “Safe Karabakh” komandasına mükafatı Azərbaycan Prezidenti cənab İlham Əliyev, Türkiyə Prezidenti cənab Rəcəb Tayyib Ərdoğan və Nobel mükafatı laureatı, professor Əziz Səncər təqdim edib.