“AzInTelecom” MMC-in sponsorluğu ilə keçirilən “Rəqəmsal Şuşa” hakatonunun qalibləri bəlli olub
21 İyn, 2021

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin nəzdində fəaliyyət göstərən “AzInTelecom” MMC, Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi, “Edmur Craft”, “Data SoCool”, “Step IT Academy”, “GenderHub Azerbaijan” dəstəyi ilə keçirilən “Rəqəmsal Şuşa” hakatonunun qalibləri açıqlanıb.

Estoniyada yerləşən “Inskillz” şirkətinin Azərbaycanda yaratmış olduğu "Azerbaijani Future Ninjas"  Feysbuk icması tərəfindən 18-20 iyun tarixlərində keçirilən hakatonun əsas məqsədi Şuşanın maddi və mədəni irsinin rəqəmsal dünyada göstərilməsidir. Azərbaycanın dünyada tanınmasına yönələn bu cür layihələrin, hakatonların keçirilməsinə xüsusi diqqətlə yanaşan “AzInTelecom” MMC sponsorluq dəstəyi ilə yanaşı, münsiflər heyəti tərkibində də çıxış edib.

Birinci yerin qalibi olan “Local and digital” komandası Qarabağın tanıdılması üçün “Discover Karabakh” adlı video oyun yaradıb. İkinci yerin sahibi isə “Retweet Bot” adlı layihə ilə çıxış edən “Qarabağ” komandası olub. Gənclərin yaradıcılıq fəliyyətinə dəstək olmaq, müxtəlif mövzularda yazılmış məqalələrin, tam və ya qısa metrajlı filmlərin, fotoların yayımlana biləcəyi bir veb səhifə yaradan “Innovation” komandası isə üçüncü yerə sahib olub.

Qeyd edək ki, “AzInTelecom” MMC beynəlxalq səs trafiki, ölkəyə gətirilən telekommunikasiya vasitələrinin sertifikatlaşdırılması və “TIER III”, “ISO 20000”, “ISO 22301” və “ISO 27001” sertifikatlarına malik əlçatanlıq zonası əsasında “AZCLOUD”, “AZCLOUD Enterprise” və “Hökumət həlləri” istiqamətlərində bulud xidmətləri göstərir.