Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində olan “AzInTelecom” MMC Bakıda təşkil olunan “Fintex Summit 2024” tədbirində iştirak edib.

Bank və maliyyə ekosistemində yeni trendlər, innovativ həllər, maliyyə texnologiyası və təhlükəsizlik mövzularında keçirilən tədbirdə Azərbaycanda və xaricdə fəaliyyət göstərən nüfuzlu şirkətləri, eləcə də dövlət qurumlarını təmsil edən rəhbər şəxslər çıxış ediblər. Qeyd olunan mövzularla bağlı 25 məruzəçi tərəfindən iştirakçılara geniş məlumatlar verilib.

“AzInTelecom” MMC sammitdə stendlə çıxış edib və tədbir iştirakçılarına xüsusilə SİMA brendinin məhsulları ilə bağlı ətraflı məlumatlar təqdim olunub.

Şirkətin stendinə yaxınlaşaraq məhsullar barədə sorğuda iştirak edən hər kəsə hədiyyələr verilib.

Tədbirin gedişində “AzInTelecom”un əməkdaşları sammitdə iştirak edən yerli və xarici şirkətlərin nümayəndələri ilə əməkdaşlıq perspektivlərini müzakirə ediblər. Gələcəkdə tərəfdaş qismində çıxış edə biləcək qurumların nümayəndələri ilə birgə həyata keçiriləcək layihələr və xidmətlərin qarşılıqlı mübadiləsi ətrafında diskussiya aparıblar.