Son xəbərlər
- “Sizin Lombard”da kreditini “SİMA İmza” ilə rəsmiləşdir! 25 Okt, 2024
- “SİMA İmza” beynəlxalq mükafata layiq görüldü 24 Okt, 2024
- Azərbaycan Turizm Bürosu İT sistemlərini “Hökumət buludu”na köçürüb 18 Okt, 2024
- “UForex” hesabını “SİMA İmza” ilə aç! 17 Okt, 2024
- “AzInTelecom” “INMerge İnnovasiya Sammiti 2024”də iştirak edib 11 Okt, 2024
Azərbaycanın Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Bakıda Regional Data və Beynəlxalq Kommutasiya mərkəzlərinin açılışı olub.
Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva açılış mərasimində iştirak ediblər.
Rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə dövlət başçısına və xanımına məlumat verdi ki, Regional Data Mərkəzinin və IP əsaslı Beynəlxalq Kommutasiya Mərkəzinin operatoru 2015-ci ilin iyun ayında yenidən strukturlaşdırılaraq adı dəyişdirilən “AzInTelecom” Məhdud Məsuliyyətli Cəmiyyətidir. Qurumun inzibati binası ən müasir standartlara uyğun şəkildə yenidən qurulub. Yeni binada əməkdaşların fəaliyyəti üçün lazımi şərait yaradılıb. Binanın yerləşdiyi ərazidə geniş abadlıq və yaşıllaşdırma işləri aparılıb.
İnzibati binanın girişində ulu öndər Heydər Əliyevin büstü qoyulub. Ümummilli lider Heydər Əliyevin və Prezident İlham Əliyevin ölkəmizdə rabitə və yüksək texnologiyalar sektoruna hərtərəfli qayğılarını əks etdirən fotoguşələr yaradılıb.
Sonra Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva yeni yaradılan Data Mərkəzinin fəaliyyəti ilə tanış oldular.
Qeyd edək ki, müasir dünya standartlarına cavab verən Data Mərkəzi TİER III beynəlxalq sertifikatına layiq görülüb. Mühafizə olunan obyekt statusuna malik Data Mərkəzi ölkə və region səviyyəsində kompleks İT xidmətləri göstərir və ən son texniki göstəricilərə malik baza əsasında müştərilərə fərdi həllər təklif edir. Fasiləsiz iş rejimində məlumatların təhlükəsizliyinin nəzarətlə tam təmin olunması, şirkətlərin konkret tələblərinə cavab verən, ehtiyac yarandıqda onlara infrastruktur əldə etməyə imkan yaradan virtual və ayrılmış serverlərin, həmçinin optimallaşdırılmış şəbəkənin qurulması Data Mərkəzinin çoxsaylı üstünlüklərindəndir. Bu isə öz növbəsində, şirkətlərə kapital xərclərini sıfıra endirməyə, istismar xərclərini isə 30-40 faiz azaltmağa imkan yaratmaqla yanaşı, məhsuldarlığı artıraraq biznesin dayanıqlılığına öz töhfəsini verəcək.
Data Mərkəzi bulud əsaslı İT həllər, eləcə də beynəlxalq trafik və sertifikatlaşdırma ilə bağlı digər xidmətlər də təqdim edir. Həmin Mərkəz vasitəsilə şəbəkələrarası sərhəd qoşulma nöqtələrində siqnal protokollarının ötürülməsinə, media-kanalların keyfiyyətinə, paketlərin gecikməsi və itməsinə də nəzarət həyata keçirilir. Mərkəz mobil şəbəkə üzrə daşınan mobil nömrələrə daxil olan zəngləri daşınmanı həyata keçirən operatorun şəbəkəsinə terminasiya edir, eləcə də sifarişçilərin istəklərinə uyğun olaraq müxtəlif tarif paketlərinin tətbiqi, silsilə servislərin idarə edilməsinə də təminat yaradır. Yeni Data Mərkəzi həm respublikamızda informasiya-kommunikasiya texnologiyaları sahəsinin inkişafını, həm də ölkənin informasiya sistemlərinin qlobal informasiya məkanına inteqrasiyasını sürətləndirəcək, innovasiyalara şərait yaradacaq və dövrümüzün ən müasir texnologiyası hesab olunan bulud texnologiyalarının dövlət və özəl sektorlarda tətbiqinə təkan verəcək. Ən əsası, Prezident İlham Əliyevin rabitə və yüksək texnologiyalar sektoruna hərtərəfli diqqət və qayğısının məntiqi nəticəsi olaraq, öz etibarlı və qüsursuz infrastrukturu ilə Data Mərkəzi regional informasiya mərkəzinə, Bakı isə regionun məlumat paytaxtına çevrilir.
Prezident İlham Əliyevə məlumat verildi ki, yeni mərkəzlərin təhlükəsiz, etibarlı və səmərəli fəaliyyəti üçün ən müasir texnologiyalar və avadanlıqlar tətbiq edilib.
Dövlət başçısı və xanımı Beynəlxalq Kommutasiya Mərkəzinin fəaliyyəti ilə də tanış oldular.
Azərbaycan Prezidentinə Mərkəzin imkanları barədə məlumat verildi. Qeyd olundu ki, bu sahə üzrə əldə edilmiş uğurlardan biri də trafik analizlərinin optimallaşdırılması məqsədilə ilə İP əsaslı kommutasiya platformasında beynəlxalq kommutasiya stansiyasının yaradılmasıdır. Beynəlxalq Kommutasiya Mərkəzi giriş və çıxış zənglərinin monitorinqinin təkmilləşdirilməsini, analoq və ya rəqəmli kommunikasiya kanalında bir neçə siqnalın və ya sürət-bit axınının olduğu kimi verilməsini mümkün edir. Bu platformadan istifadə edərək əhali və biznes sektoru üçün səs, video, data, SMS və digər müxtəlif telekommunikasiya və multimedia xidmətlərinin göstərilməsi təmin olunacaq. Burada çoxlu sayda istifadəçinin kommunikasiya əlaqəsi TDM adlandırılan cihaz vasitəsilə yüksəksürətli lif əlaqələr üzərindən qarşı stansiyaya ötürülür ki, bu da son müştərinin heç bir maneəsiz, kəsintisiz, yüksək etibarlı xidmətlər almasına və əməliyyatlar aparmasına zəmin yaradır.
Daha sonra dövlət başçısı və xanımı Beynəlxalq Kommutasiya və Regional Data mərkəzlərinin yerləşdiyi “AzInTelecom” Məhdud Məsuliyyəti Cəmiyyətinin inzibati binasındakı iş şəraiti və maddi-texniki baza ilə tanış oldular.
Prezident İlham Əliyev həyata keçirilən dövlət siyasətinin səmərəliliyinin artırılması üçün ölkəmizdəki bütün qurumlarda iş şəraitinin əsaslı surətdə yaxşılaşdırılmasını və ən müasir standartlara uyğunlaşdırılmasını prioritet vəzifələrdən biri kimi qarşıya məqsəd qoyub. Ən son elmi-texniki yeniliklərə əsaslanan informasiya-kommunikasiya texnologiyalarının geniş tətbiqinə də xüsusi diqqət yetirilir.
“AzInTelecom” Məhdud Məsuliyyətli Cəmiyyətinin iclas salonu da müasirliyi ilə diqqət çəkir. Burada da ən son elmi-texniki yeniliklərə əsaslanan avadanlıqlar geniş tətbiq olunub.
İclas salonunda “AzInTelecom” Məhdud Məsuliyyətli Cəmiyyəti və yeni yaradılan mərkəzlərlə bağlı təqdimat keçirildi. Prezident İlham Əliyevə məlumat verildi ki, Azərbaycan ilə xarici ölkələr arasında mübadilə olunan beynəlxalq trafikin analizi, ölkəmizə idxal edilən telekommunikasiya vasitələrinin sertifikatlaşdırılması və yeni yaradılan Data Mərkəzi nəzdində kompleks informasiya texnologiyaları xidmətlərinin göstərilməsi “AzInTelecom” MMC-nin başlıca fəaliyyət istiqamətləridir. Həmin qurum tərəfindən tətbiq edilən trafikin analizi xidməti Azərbaycan ilə dünya ölkələri arasında mübadilə olunan beynəlxalq telekommunikasiya xidmətlərinin yüksək keyfiyyətlə alternativliyinə təminat yaradır. Bundan başqa, həmin yenilik daha müasir xidmətlərin göstərilməsi və həcminin artırılmasına da imkan verir.
Diqqətə çatdırıldı ki, informasiyaların idarə olunmasının düzgün şəkildə təmin edilməsi günün başlıca məsələlərindəndir. Bu prosesin təhlükəsiz və sərfəli qiymətlərlə həyata keçirilməsi də vacib şərtlərdəndir. Bu baxımdan lazımi xidmətlərin cəmləndiyi Data Mərkəzi mühüm əhəmiyyət kəsb edir. Təqdirəlayiq haldır ki, Cənubi Qafqaz regionunun TİER III sertifikatlı yeganə Data Mərkəzi Azərbaycanda fəaliyyətə başlayıb. TİER III kateqoriyasının əsas fərqləndirici xüsusiyyətlərinə mühəndis altsistemlərinin paralel fəaliyyəti, ehtiyat soyutma, ehtiyat enerji təminatı sistemləri və ehtiyat telekommunikasiya infrastrukturu daxildir. Ən başlıcası, TİER III sertifikatlı Data Mərkəzinin bütün hallarda işləmə səviyyəsi 99,982 faizə bərabərdir. Müştərilər isə yalnız istifadə etdikləri resurslara görə ödəniş edəcəklər. Şirkətlər, digər iqtisadi qurumlar bu Mərkəz vasitəsilə istədikləri infrastruktur tipli xidmətlərlə təmin olunacaqlar.
Respublikamızda bu xidmətlərin daha geniş tətbiqinin zəruriliyini vurğulayan Prezident İlham Əliyev müvafiq tapşırıqlarını verdi.
Sonda xatirə şəkli çəkdirildi.