Son xəbərlər
- Daha 4 şirkət xidmətlərini SİMA vasitəsilə rəqəmsallaşdırdı 09 Dek, 2024
- “AzInTelecom” VIII Beynəlxalq Bankçılıq Forumunda 04 Dek, 2024
- “AzInTelecom” MMC yeni “AzInCloud” platformasını istifadəyə verib 29 Noy, 2024
- Paşa Kapitalda “SİMA İmza” ilə məsafədən hesab açmaq imkanı yaradılıb 28 Noy, 2024
- “AzInTelecom” MMC “Africa Tech Festival 2024”də iştirak edib 26 Noy, 2024
Qanlı Yanvar hadisələrindən 27 il keçir. 1990-cı il yanvarın 20-də ölkəmizə qarşı ərazi iddiaları irəli sürən Ermənistanın təcavüzkarlığından və keçmiş SSRİ rəhbərliyinin onlara havadarlığından hiddətlənən, Bakının küçə və meydanlarına çıxaraq buna qəti etirazını bildirən xalq kütlələrinə qarşı sovet ordusunun döyüş hissələrinin yeridilməsi Azərbaycanda misli görünməyən faciəyə səbəb oldu. Milli azadlığı, ölkəsinin ərazi bütövlüyü uğrunda mübarizəyə qalxan dinc əhaliyə divan tutulması, kütləvi terror nəticəsində yüzlərlə günahsız insanın qətlə yetirilməsi və yaralanması totalitar sovet rejiminin süqutu ərəfəsində onun cinayətkar mahiyyətini bütün dünyaya bir daha nümayiş etdirdi. Keçmiş sovet dövlətinin hərb maşınının həmin gün Azərbaycan xalqına qarşı həyata keçirdiyi vəhşi terror aktı insanlıq əleyhinə törədilən ən ağır cinayətlərdən biri kimi bəşər tarixinə yazıldı. Böyük itkilər, günahsız insanların qətli ilə nəticələnən 20 Yanvar faciəsi mərkəzi hakimiyyət başda olmaqla cinayətkar imperiya rəhbərliyinin Azərbaycana qarşı xəyanətkar siyasətinə dözməyən, azadlığına, müstəqilliyinə can atan Azərbaycan xalqının həm də mübarizliyini, əyilməzliyini və məğrurluğunu nümayiş etdirdi.
20 Yanvar Azərbaycan xalqının tarixində sadəcə ağrı və acı ilə xatırlanacaq gün deyil. 20 Yanvar Azərbaycan xalqının şan və şərəf günüdür. Xalq həmin gün üstünə şığıyan dəhşətli kabusa, sovet hərbçilərinin qorxunc qaragüruhuna qarşı sinəsini sipər etməyi, özünün mənliyini və mətinliyini nümayiş etdirməyi bacardı. Məhz həmin hadisələr bilavasitə nümayiş etdirdi ki, Azərbaycan xalqı pozulan hüquqlarının, suverenliyinin bərpa olunması uğrunda savaşmaq əzminə sahibdir.
Təəssüf ki, həm SSRİ, həm də o vaxtkı Azərbaycan rəhbərliyi bu qanlı cinayətin bilavasitə təşkilatçıları və iştirakçıları olduqlarından nəinki onun açılması və cinayətkarların məsuliyyətə cəlb olunmasından ötrü tədbirlər görmədi, əksinə bu vəhşiliyi gizlətmək üçün əllərindən gələni etdilər. 20 Yanvar faciəsindən bir gün sonra ulu öndər Heydər Əliyevin Azərbaycanın Moskvadakı səfirliyinə gedərək xalqımızın kədərini bölüşməsi və qırmızı rejimin ölkəmizdə həyata keçirdiyi qanlı aksiyanı ifşa etməsi o dövrdə xalqımıza bir dayaq, bir təsəlli oldu. Xalq o ağır günlərdə köməksiz olmadığını hiss etdi.
Uzun illər Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi, SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifələrində işləyən, Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosunun üzvü olan, SSRİ rəhbərliyinin qəzəbinə tuş gələrək təqaüdə göndərilən Heydər Əliyev yenə də bütün məhrumiyyətlərə baxmayaraq o ağır günlərdə xalqının sırasında, onunla birgə, həmrəy oldu.
Heydər Əliyev bəyanatı ilə əslində Azərbaycanda gedən proseslərə qiymət verdi. Ulu Öndər SSRİ rəhbərliyinin Azərbaycana münasibətdə qətiyyən xoşniyyətli davranmadığını diqqətə çatdırmaqla yanaşı, həm də hakimiyyəti onda qınadı ki, Azərbaycana siyasi savadı olmayan, kölə xislətli insanın rəhbər təyin edilməsi xalqla hakimiyyət arasında dərin uçurumun yaranmasına səbəb olmuşdu. Bu uçurumun yaradılması da ilk növbədə mərkəzi hakimiyyətin maraqlarına xidmət edirdi və bununla belə gələcəkdə yaranacaq bütün problemlərin, konkret desək, 20 Yanvar faciəsinin baş verməsinə səbəb olmuşdu.
Bir müddət sonra - 1990-cı il noyabrın 21-də ümummilli lider Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə Naxçıvan Muxtar Respublikasının Ali Məclisi bu hadisəyə siyasi-hüquqi qiymət verdi. Bu tarixi sənəddə Azərbaycan xalqına qarşı törədilən siyasi və hərbi qəsdin cavabdehləri və günahkarları açıqlandı. Sovet hakimiyyətinin süqutundan və Azərbaycanın dövlət müstəqilliyinin bərpa edilməsindən sonra bir müddət başları hakimiyyət uğrunda mübarizəyə qarışan Azərbaycan rəhbərləri xalqımıza qarşı törədilən bu ağır cinayətin səbəblərinin araşdırılması, ona siyasi-hüquqi qiymət verilməsi və cinayətkarların müəyyən edilməsi istiqamətində heç bir iş aparmadılar. Yalnız ümummilli lider Heydər Əliyevin ölkə rəhbərliyinə qayıdışından sonra - 1994-cü ildə 20 Yanvar hadisələrinə siyasi-hüquqi qiymət verildi və cinayəti törədənlərin adları ictimaiyyətə çatdırıldı.
Azərbaycanın azadlığı uğrunda canlarından keçən şəhidlərin xatirəsi daim əziz tutulduğu kimi, onların ailə üzvləri, doğmaları da hər zaman dövlət qayğısı ilə əhatə olunub. Eləcə də 20 Yanvar hadisələrində sağlamlığını itirən əlillərin sosial müdafiəsi, pensiya təminatı həmişə dövlətimizin başçısının diqqətindədir. 20 Yanvar şəhidlərinin ailə üzvləri və əlillərin sosial müdafiəsinin təmin olunması istiqamətində mütəmadi tədbirlər həyata keçirilir. Şəhid ailələrinin pensiya təminatı, mənzil şəraitinin yaxşılaşdırılması, yaşayış səviyyəsinin yüksəldilməsi ilə bağlı mükəmməl qanunvericilik bazası yaradılıb. Dövlətimizin başçısı bu istiqamətdə sərəncamlar və fərmanlar verib. Bundan başqa əlillərin reabilitasiyası üçün respublikada yeni sağlamlıq mərkəzləri inşa olunub. Ötən il əlil və şəhid ailələrinə yeni mənzillər verilib ki, onların arasında 20 Yanvar əlilləri və şəhidlərinin ailələri də var. 20 Yanvar faciəsində şəhid olan şəxslərin ailələrinə Prezident təqaüdü verilir. Şəhid ailələrinin, əlillərin sosial təminatı ildən-ilə daha da möhkəmləndirilir.