Elxan Əzizov: “Bu il SİMA-nın beynəlxalq bazarda təqdimatı və tətbiqini planlaşdırırıq” - MÜSAHİBƏ
06 Fev, 2024

Bakı, 6 fevral, Pərvanə Qafarova, AZƏRTAC

Bu gün ölkəmizdə rəqəmsal transformasiya istiqamətində bir sıra layihələr həyata keçirilir. Bu layihələrin icrasında aktiv rol oynayan qurumlardan biri də “AzIntelecom” MMC-dir. Görülən işlərlə bağlı qurumun İdarə Heyətinin sədri vəzifəsini müvəqqəti icra edən Elxan Əzizovun AZƏRTAC-a verdiyi müsahibəni təqdim edirik.

– Elxan bəy, ölkədə rəqəmsal transformasiya missiyasını üzərinə götürmüş qurumlardan biri olan “AzInTelecom” MMC-nin fəaliyyəti haqqında müəyyən qədər məlumatlıyıq. Amma bu gün işlərin “AzInTelecom”un Məlumat Hesablama Mərkəzi ilə birləşməsindən sonra daha da sürətləndiyini müşahidə edirik. İki böyük strukturun vahid idarəetmə prosesinə keçidi necə baş verib, hansı dəyişikliklər həyata keçirilib?

– Bildiyiniz kimi, “AzInTelecom” MMC-nin Məlumat Hesablama Mərkəzi ilə birləşmə prosesi 2022-ci ilin fevralında uğurla tamamlandı. Birləşmə prosesi yekunlaşandan sonra korporativ idarəetmənin meyarlarına uyğun olaraq şirkətin yeni strukturu quruldu, yeni komandalar formalaşdırıldı. Komandamızın ortaya qoyduğu işlər sayəsində yeni xidmət və məhsullar yaratdıq, ənənəvi xidmətləri təkmilləşdirdik. Eyni zamanda, şirkətin daxili proses və prosedurlarının yazılıb sənədləşdirilməsini yekunlaşdırdıq. Həmçinin proseslərin avtomatlaşdırılması və rəqəmsallaşdırılması istiqamətində mərhələli şəkildə bir çox işlər icra olunub. Bu günə olan nəticəyə görə, 100-dən artıq proses avtomatlaşdırılıb. Bu proseslərə paralel olaraq şirkətin və əməkdaşların illik hədəfləri də formalaşdırılıb, buna uyğun mükafatlandırma sistemi yaradılıb. Əməkdaşların peşəkar inkişafını dəstəkləmək üçün şirkət hesabına təlimlər təşkil olunur. Apardığımız analizlər nəticəsində müasir çağırışlara uyğun olaraq sıfırdan yaratdığımız yeni strukturlar da oldu. Bunlara Keyfiyyətin təminatı departamentini, Layihələrin idarəolunması departamentini, Məhsul və xidmətlər şöbəsini, Biznes proseslərinin analizi və avtomatlaşdırılması şöbəsini nümunə göstərə bilərik.

– Yaratdığınız yeni məhsullar və hazırda vətəndaşların istifadə etdiyi məhsullardakı yeniliklər barədə ötən il anonslar vermişdiniz. Bir neçə istiqamətdə fəaliyyətiniz var, məsələn, bulud xidmətləri, rəqəmsal məhsullar, mobil cihazların qeydiyyatı və s. Ümumi olaraq “AzInTelecom”un fəaliyyət istiqamətləri barədə qısa məlumat verə bilərsinizmi?

– Fəaliyyət istiqamətlərimiz genişdir. Ən önəmlilərini vurğulasaq, bu gün biz regionun ən böyük bulud xidməti provayderiyik. O cümlədən dövlət qurumlarının öz informasiya sistemlərini yerləşdirməsi üçün ən etibarlı tərəfdaşıq. Dövlət başçısının müvafiq fərmanı ilə həyata keçirilən “Hökumət buludu” layihəsi çərçivəsində qurumlar öz informasiya sistemlərini tam və ya qismən “AzInTelecom”a məxsus Data mərkəzlərinə yerləşdirirlər. Bundan başqa, 2 il əvvəl yaradılan SİMA yeni nəsil rəqəmsal imza artıq onlayn xidmət sektorunda yeni standartlar formalaşdırıb. Hazırda 1 milyona yaxın istifadəçisi olan “SİMA İmza” mobil tətbiqini daha da təkmilləşdirmək, tərəfdaş çevrəsini artırmaq və yeni xidmətlər əlavə etmək istiqamətində işləri davam etdiririk. Bu iki əsas xidmətimizlə yanaşı, ölkəyə gətirilən mobil cihazların qeydiyyat sistemi, “SmartPay” elektron ödəniş sistemi, 24 saat fəaliyyət göstərən informasiya təhlükəsizliyi, Mobil Nömrədaşıma, Vahid Nömrə Satışı, Telekommunikasiya Cihazlarının Sertifikatlaşdırılması və Elektron Sənəd Dövriyyəsi kimi xidmətlərimiz mövcuddur. Məqsədimiz respublikanın istənilən nöqtəsində yaşayan hər bir vətəndaşın olduğu yerdən rəqəmsal xidmətlərdən yararlanmasını, fərdlərin rəqəmsal hökumət konseptindəki rolunun daha da aktivləşməsini və ölkəmizin rəqəmsal transformasiyasını sürətləndirməkdir.

– Ötən il anonsu verilən layihələrlə bağlı işlər nə yerdədir? Bu il bizi hansı yeniliklər gözləyir?

– Hazırda bir neçə istiqamətdə layihələr həyata keçiririk. Həm yeni ideyalarımız var, həm də əvvəlki işləri təkmilləşdiririk. Ölkəmiqyaslı bir yenilik barədə ilk dəfə sizə məlumat vermək fürsətini qaçırmaq istəmirəm. Biz ötən ilin sonundan başlayaraq ölkədəki bütün elektron imzaların sertifikatlaşdırıldığı kök sertifikat mərkəzinin imza infrastrukturunu tam yeniləmişik. Artıq ölkəmizin elektron imza sistemi SHA-1 (Secure Hash Algorithm) protokolundan SHA-2 protokoluna keçirilib və Açıq açar infrastrukturu (public key infrastructure – PKİ) yenilənib.

Həmçinin artıq “SİMA İmza”nın hüquqi şəxslər üçün nəzərdə tutulan həlli də hazırdır və qısa müddətdə ictimaiyyətə təqdim edilməsi nəzərdə tutulur. Növbəti mərhələdə dövlət qurumları üçün “SİMA İmza” həlli istifadəyə veriləcək. İl ərzində SİMA Rəqəmsal Həllər Platformasına aid daha iki yeni məhsulumuzu bazara təqdim edəcəyik. Əlavə olaraq, məhsul və xidmətlərimizin beynəlxalq bazara təqdimatı üçün çalışırıq. Artıq müəyyən addımlar atılıb və çox güman ki, bu il “AzInTelecom”un xidmətlərinin xarici ölkələrdə də tətbiqini həyata keçirəcəyik. Bundan əlavə, “Hökumət buludu” layihəsi çərçivəsində Bakı və Yevlaxda yerləşən Data mərkəzlərimizdən əlavə daha iki Data Mərkəzin tikintisinə başlamağı planlaşdırırıq.

– SİMA Rəqəmsal Həllər Platformasına hansı rəqəmsal həllər daxildir? Bir qədər məlumat almaq istəyərdik.

– Platforma hazırda 5 rəqəmsal həldən ibarətdir. Azərbaycanın ilk elektron imzası və əl imzası ilə eyni hüquqi qüvvəyə malik olan “SİMA Token” vətəndaşlar, sahibkarlar, hüquqi şəxslər, həmçinin dövlət qurumları tərəfindən istifadə edilir. Məlumat üçün bildirim ki, 2011–2023-cü illər ərzində Token elektron imzası ilə Azərbaycanda 104 milyondan çox imzalama prosesi həyata keçirilib.

Əsas məhsullarımızdan biri az əvvəl bəhs etdiyim “SİMA İmza”dır. Bildiyiniz kimi, istənilən bir prosesin sonunda onun rəsmiliyini təsdiq etmək üçün imza lazımdır. Biz də rəqəmsal dünyada imzanı bütün vətəndaşlarımız üçün əlçatan etmişik. Bu gün Azərbaycanda yaşayan hər kəs, eləcə də xaricdə yaşayan vətəndaşlarımız mobil telefonuna “SİMA” tətbiqini yükləməklə pulsuz elektron imzaya sahib ola və xidmət mərkəzlərinə getmədən imza edə bilərlər. Artıq 35-dən çox qurum öz xidmətlərini “SİMA İmza” ilə rəqəmsallaşdırıb. 100-dən çox qurumla inteqrasiyalarımız isə davam edir. Ümumilikdə, “SİMA İmza” ilə əldə edilən elektron xidmətlərin əlçatanlığı 1000-dən artıqdır, 80-dən çox portala isə giriş təmin edilir. Artıq “SİMA İmza” mobil tətbiqinin istifadəçi sayı 1 milyona yaxınlaşır.

Biz SİMA üzərindən tərəfdaşlıq etdiyimiz qurumlardan mütəmadi olaraq rəylər alırıq, analizlər aparırıq, tərəfdaşların və istifadəçilərin tələblərini öyrənirik. Məsələn, elə qurumlar olurdu ki, onların xidmətində imzalamaya ehtiyac yox idi, sadəcə, biometrik identifikasiya xidməti istəyirdilər. Biz bazarın tələblərini və müasir tendensiyaları nəzərə alaraq yeni məhsullar yaratdıq. Bunlardan biri olan “SİMA KYC” vətəndaşların kimliyini təsdiqləməsi üçün istifadə olunan rəqəmsal həldir. Hazırda bu həll müxtəlif maliyyə sektorunda olan müştərilərimiz tərəfindən istifadə olunur.

Digər həll “SİMA Acces” artıq pilot layihə kimi öz inzibati binamızda tətbiq olunmaqdadır. Burada mahiyyət hər hansı insan amili olmadan şəxslərə müəyyən yerlərə daxil olmaq üçün elektron formada icazə verilməsidir. Yəni şəxs qapı və ya turniketin qarşısına gəldikdən sonra mobil telefonundakı QR kodu oxutmaqla içəri daxil ola biləcək. Növbəti mərhələdə bu həll biometriya texnologiyası əsasında işləyəcək və girişə yaxınlaşan şəxs biometrik kamerada simasını skan etdikdən sonra binaya giriş icazəsinin olub-olmadığını yoxlaya biləcək.

Platformanın daha bir məhsulu “SİMA Pay” isə ictimai nəqliyyatda, ticarət mərkəzlərində və satış nöqtələrinin ödəniş məntəqələrində heç bir əlavə vasitəyə ehtiyac olmadan vətəndaşa öz siması ilə biometrik ödəniş etmək imkanı yaradacaq. “SİMA Pay” məhsulu artıq bir tərəfdaşımızla pilot layihə kimi uğurla sınaqdan keçirilib. Biz bu layihələrlə dövlət-özəl tərəfdaşlığı çərçivəsində kommersiya qurumlarının inkişafını sürətləndirmək, dövlət qurumu olaraq özəl sektorun inkişafına, rəqəmsallaşma yolu ilə prosesləri sürətləndirməyə, şəffaflığın artırılması və israfçılığın aradan qaldırılmasına çalışırıq.

– “Hökumət buludu” ilə bağlı işlər nə yerdədir? Neçə dövlət qurumu “Hökumət buludu”na inteqrasiya edilib?

– Əvvəlcə qeyd edim ki, bizim bulud xidmətlərimiz təkcə “Hökumət buludu”ndan ibarət deyil. Korporativ olaraq da özəl qurumlara bulud xidməti göstəririk. “Hökumət buludu” isə cənab Prezident İlham Əliyevin müvafiq fərmanı ilə təsdiqlənmiş və icrası bizə həvalə edilmiş bir layihədir. Dövlət qurumlarının “Hökumət buludu”na miqrasiyası ilə İT xərcləri azalır, informasiya sistemləri sabit və dayanıqlı İT infrastrukturuna və 24/7 monitorinq xidmətinə nail olunur. “AzInTelecom” MMC Cənubi Qafqaz regionunda “TIER III” Beynəlxalq uyğunluq sertifikatına malik ilk qurumdur. Şirkət Bakı və Yevlaxda yerləşən Data mərkəzlərinə malikdir. Yuxarıda da qeyd etdiyim kimi, dövlət qurumları tərəfindən artan tələblərin qarşılanması məqsədilə daha 2 mərkəzin inşası planlaşdırılır. Statistikaya gəlincə, son 2 ildə bulud xidmətlərimizdən istifadə edən qurumların sayı və buluddan istifadə həcmi 3 dəfə artıb. İnformasiya sistemlərini Data mərkəzlərinə yerləşdirən qurumların sayı 200-ü ötüb. Bunların da 100-dən çoxu dövlət qurumudur. Dövlət qurumlarının bəziləri tam olaraq, bir hissəsi isə qismən informasiya sistemlərini “Hökumət buludu”na köçürüb.

– Bulud xidmətindən yararlanan qurumlar hansı imkanları əldə edir? Yeni Data mərkəzləri nə zaman və harada istifadəyə veriləcək?

– Bulud texnologiyaları müxtəlif informasiya sistemlərinin virtual mühitdə saxlanmasına imkan verir və dünyanın istənilən yerində məlumatı əlçatan edir. Biz həm dövlət, həm də böyük, orta və kiçik biznes sahibləri üçün fərqli kateqoriyalar üzrə bulud xidmətləri təqdim edirik. “AzInTelecom”un təqdim etdiyi bulud xidmətləri TIER3 standartlarına uyğun sertifikatlaşdırılmış Data mərkəzləri üzərindən həyata keçirilir. Qurumlar informasiya sistemlərini virtual mühitdə saxlayanda xərc və dayanıqlılıq baxımından daha sərfəli xidmət əldə edirlər. Həmçinin yeni avadanlıqlar almaq üçün xərc çəkilmir, komandanın saxlanılmasına əlavə vəsait ödənilmir və mövcud resursun artırılması fiziki avadanlıqların alınması və quraşdırılmasını gözləmədən çevik şəkildə həyata keçirilir. “AzInTelecom” bulud üzrə müxtəlif kateqoriyalı xidmətlər təklif edir. Bura İnfrastruktur (IaaS – Infrastructure as a Service), Rezervləmə (BaaS – Backup as a Service), Arxivləşdirmə (AaaS – Archive as a Service), Fövqəladə hallarda məlumatların qorunması və fasiləsiz iş fəaliyyəti (DRaaS – Disaster Recovery as a Service), Yerləşdirmə (Colocation) və s. xidmətlər daxildir. Eyni zamanda bildirmək istəyirəm ki, bu il biz beynəlxalq bulud provayderi ilə birlikdə özünəxidmət platformasının istifadəyə verilməsi üzrə işlər aparırıq.

Sualınızın digər hissəsinə gəlincə, bütün dövlət qurumlarının “Hökumət buludu”na miqrasiyasının təmin edilməsi məqsədilə bulud xidmətlərinin genişləndiriməsi üçün 2 yeni Data Mərkəzin istismara verilməsi işlərinə başlanılıb. Artıq beynəlxalq təchizatçı şirkətin cəlb edilməsi ilə yeni Data mərkəzlərinin konsepsiyası hazırlanıb. Hazırda Data mərkəzlərinin detallı dizayn işləri aparılır. Yeni Data mərkəzlərdən biri Bakı ətrafında, digəri isə ondan 100 km aralıda qurulacaq.

– “AzInTelecom”un təqdim etdiyi xidmətlərdə təhlükəsizlik necə həyata keçirilir? İnformasiya təhlükəsizliyi istiqamətində hansı işlər görürsünüz?

– Bizim təqdim etdiyimiz xidmət və məhsulların təhlükəsizliyi şirkət daxilində İnformasiya təhlükəsizliyi departamentinin peşəkar mütəxəssisləri tərəfindən təmin olunur. Həmin komanda tərəfindən informasiya təhlükəsizliyinin auditi, konsaltinqi, “pentest” işləri aparılır. Həmçinin bulud xidmətləri üzrə Təhlükəsizlik Əməliyyat Mərkəzi 24/7 rejimdə fəaliyyət göstərir. Bu resurslar həm bizim təhlükəsizliyimizi təmin edir, həm də xidmət olaraq müştərilərə təqdim edirik. Biz təhlükəsizliyin artırılması istiqamətində müvafiq dövlət qurumları və bu sahə üzrə özəl müəssisələrlə də birlikdə zəruri işlər həyata keçiririk.

– Rəqəmsallaşma insanlara və şirkətlərə nə verir? “AzInTelecom” ölkəmizin rəqəmsal transformasiyasının inkişaf etdirilməsi istiqamətində hansı işləri görür?

– “AzInTelecom”un təqdim etdiyi infrastruktur xidmətləri ölkəmizdə rəqəmsal transformasiyanın inkişafına təkan verən amillərdən biridir. İnformasiya sistemlərinin buludda yerləşdirilməsi xidmətlərin əlçatanlığını təmin edir. Biz təşkilatları dayanıqlı infrastrukturla təmin edirik. Bu, həm dövlət qurumları, həm də özəl şirkətlərin təqdim etdiyi xidmətə aiddir. Buludda yerləşdirilən sistemlər vətəndaşlara xidmət edir və xidmətlərin əldə edilməsindəki rahatlıq vətəndaş məmnunluğunun artırılmasına səbəb olur. Eyni zamanda biz rəqəmsal transformasiyanın sürətləndiriməsi istiqamətində bilavasitə öz məhsulumuzla da çıxış edirik. 2022-ci ildə istifadəyə verdiyimiz SİMA yeni nəsil rəqəmsal imza ekosistemdə davranışları, tələbləri və standartları dəyişməkdədir. Bu gün artıq ucqar kənddə yaşayan bir vətəndaş hər hansı sənədi imzalamaq üçün rayon mərkəzinə getmirsə, yaxud bankdan kredit götürmək istəyən şəxs müqaviləni evində oturub imzalaya bilirsə, bu, özü artıq rəqəmsal transformasiyanın göstəricisidir. “SİMA İmza” dövlət qurumlarının və özəl şirkətlərin təqdim etdiyi xidmətlərin rəqəmsallaşdırılmasında və əlçatanlığın artırılmasında önəmli rol oynayır. Ümumi olaraq isə deyə bilərik ki, rəqəmsal həllər biznes və maliyyə sahəsində kommersiya fəaliyyətini daha səmərəli edir, gündəlik işləri rahatlaşdırır. Proseslər avtomatlaşır, əl əməyi azalır, vətəndaş məmnunluğu artır. Resurs istifadəsinin optimallaşması xərclərə qənaət imkanı yaradır. Kağız sənədləri elektron sənədlər əvəz edir. Böyük qovluqlar, arxivlər tarixə qovuşur. Bu isə sənədlərin itmək, zədələnmək, yanmaq, məhv olmaq təhlükələrini aradan qaldırır.

– “AzInTelecom” MMC-nin xidmətlərinin xaricə ixracını planlaşdırırsınızmı?

– Əvvəlcə qeyd etmək istəyərdim ki, “AzInTelecom” artıq uzun müddətdir ki, bulud xidmətləri və digər məhsullar üzrə başqa ölkələrin dövlət qurumları və özəl şirkətləri ilə əməkdaşlıq əlaqələri qurub. Bu il isə SİMA platformasına daxil olan biometrik məhsulların beynəlxalq bazarda təqdimatı və tətbiqi istiqamətində aktiv işlər həyata keçirməyi planlaşdırırıq. Şirkət olaraq regional müstəvidə MDB ölkələri və türkdilli dövlətlərlə qarşılıqlı tərəfdaşlıq əlaqələrimiz var. Ötən il “Africa Tech” festivalında stend ilə çıxış edərək beynəlxalq bazarda təqdimatımızı etdik və ilk əməkdaşlıq müqaviləsi də imzalandı. Bu il üçün xarici ölkələrlə danışıqları sürətləndirməyi, digər ölkələrdə keçirilən beynəlxalq tədbirlərdə iştirak edərək SİMA-nı xarici bazara tanıtmağı və birbaşa danışıqlar vasitəsilə əməkdaşlıq əlaqələrinin qurulmasını hədəfləyirik.

– Ölkəmizdə İT, bulud texnologiyaları və süni intellektə əsaslanan biznes həllərə maraq nə səviyyədədir?

– Azərbaycanda İT, bulud texnologiyaları və süni intellektə əsaslanan biznes həllərinə maraq olduqca yüksəkdir. Çünki bazarda daim ön sıralarda olmaq istəyən şirkətlər başa düşür ki, İT həllərinin, bulud xidmətlərinin və süni intellektin gündəlik işlərimizə inteqrasiyası əməliyyatları sadələşdirir. Artıq inkişaf etmiş ölkələrdə böyük şirkətlər bu sahələrə daha çox sərmayə qoyurlar. Biz də məsələyə bu aspektdən yanaşaraq, əməkdaşların inkişafına xüsusi diqqət ayırırıq. Əməkdaşlarımızın ən son texnologiyalardan xəbərdar olması üçün davamlı təlim proqramlarında iştirakını təmin edirik. Düşünürəm ki, bazarın spesifik ehtiyaclarını anlamaq üçün nəticəyönümlü İT, bulud və süni intellekt həlləri təqdim etməliyik. Bunu edərkən dəyişən bazar şərtlərinə tez uyğunlaşan biznes modellərini də mənimsəməliyik. Məhsul və xidmətlərin təkmilləşdirilməsi üçün müştəri rəylərinə həssas yanaşmalıyıq. Çünki müştəri mərkəzli yanaşma innovasiyanın açarıdır.