Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən “AzInTelecom” MMC tərəfindən yaradılmış SİMA – bulud əsaslı yeni nəsil rəqəmsal imzanın tərəfdaş qurumların sistemlərinə inteqrasiya prosesi davam edir.

Növbəti inteqrasiya prosesi ABB-nin sistemində reallaşdı və beləliklə, SİMA ilə sözügedən bank tərəfdaş oldu. Tərəfdaşlığa əsasən “ABB Mobile” istifadəçiləri şəxsi məlumatlarını SİMA yeni nəsil rəqəmsal imza vasitəsilə anında dəyişə biləcəklər. Xatırladaq ki, daha öncə məlumat dəyişikliklərinin icrası 3 gün ərzində həyata keçirilirdi.

SİMA vasitəsilə bank xidmətləri ilə yanaşı, digər sahələr üzrə də elektron xidmətlərdən yararlanmaq mümkündür. Bunlara rəqəmsal dövlət, BOKT, sığorta, mobil operatorlar, elektronika, məişət, TV və internet provayderlər, bir sözlə imza tətbiq olunan bütün sahələr daxildir.

Yeni nəsil rəqəmsal imzanın həm vətəndaşlar, həm də xidmət təklif edənlər üçün bir sıra üstünlükləri var. Bunlar arasında maliyyə xərclərinin azaldılması və vaxt itkisinin qarşısının alınması xüsusi əhəmiyyət daşıyır. SİMA-nın istənilən sistemə inteqrasiya oluna bilməsi, eləcə də prosesin avtomatlaşdırılması istifadəçilər üçün sürətli və istənilən sayda imzalama imkanı da qazandırır.

İmzanı əldə etmək üçün SİMA tətbiqini mobil cihaza yükləmək və bir dəfə qeydiyyatdan keçmək kifayətdir. Rəqəmsal xidmətlərə əlçatanlığı artıran imzanın ölkəmizdə biznes proseslərini sürətləndirəcəyi gözlənilir.

SİMA ilə bağlı daha ətraflı məlumatı rəqəmsal imzanın rəsmi saytından və “157” “AzInTelecom” Zəng Mərkəzi ilə əlaqə saxlayaraq əldə edə bilərsiniz.