Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən “AzInTelecom” MMC Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının (AKTA) üzvlüyünə qəbul edilib.

“AzInTelecom” MMC ilə AKTA-nın əməkdaşlığı çərçivəsində Azərbaycanın kibertəhlükəsizlik cəmiyyətinə dəstək və bu sahənin inkişafı məqsədilə birgə layihələrin həyata keçirilməsi nəzərdə tutulur.

İlkin mərhələdə iki qurum arasında Azərbaycanda kibertəhlükəsizlik mühitinin yaxşılaşdırılması istiqamətində birgə işlərin icrası mövzusunda görüş keçirilib. Həmçinin AKTA-nın sonuncu ümumi yığıncağında “AzInTelecom” MMC-nin nümayəndələri təsisatın üzvü kimi iştirak edərək qurumun gələcək fəaliyyəti ilə bağlı təkliflər səsləndiriblər.

AKTA informasiya-kommunikasiya texnologiyaları və kibertəhlükəsizlik istiqamətində fəaliyyət göstərən mütəxəssis, şirkət və təşkilatların vahid platformasıdır.

Qeyd edək ki, “AzInTelecom” MMC bir müddət öncə müştərilər üçün Kibertəhlükəsizlik, İnformasiya təhlükəsizliyinin auditi və konsaltinqi xidmətlərini təqdim edib.

Bu xidmətlərə İnformasiya təhlükəsizliyi standartlarına uyğun olaraq siyasət sənədlərinin hazırlanması, risk qiymətləndirilməsinin aparılmasından başlayaraq mitiqasiya, yəni təsirlərin azaldılması tədbirlərinin tətbiq edilməsinə qədər olan bütün addımlar daxildir.

“AzInTelecom” MMC-nin təklif etdiyi Kibertəhlükəsizlik xidmətləri daxilində informasiya resurslarının, veb və mobil tətbiqlərin təhlükəsizlik yoxlanışı (kiberhücumların simulyasiyası), statik və dinamik kod analizi, kiberkəşfiyyat, boşluqların aşkarlanması və onların aradan qaldırılması ilə bağlı tövsiyələr verilir. Əlavə olaraq, “AzInTelecom”un mütəxəssisləri müştərilərin qarşılaşmış olduqları kiberinsidentlərin kökündə duran səbəbin müəyyən edilərək aradan qaldırılması üçün forenzika (insidentin baş vermə şəraitinin və izlərinin xüsusi texniki vasitələrlə araşdırılması) fəaliyyəti həyata keçirirlər.