“AzInTelecom”un təcrübə proqramına seçilən iştirakçılarla görüş keçirilib
08 İyl, 2022

“AzInTelecom” MMC-nin may ayında elan etdiyi təcrübə proqramına seçilən iştirakçılarla görüş keçirilib.

Görüşdə ötənilki təcrübə proqramına qatılmış və hazırda “AzInTelecom” MMC-də işləyən əməkdaşlar da iştirak ediblər.

“AzInTelecom” MMC-nin İnsan kapitalının idarə olunması departamentinin direktoru Renat Rüstəmov çıxış edərək iştirakçıları salamlayıb və onlara 3 aylıq təcrübə proqramında uğurlar arzulayıb.

Qeyd edilib ki, bu il təcrübə proqramına 2000-dən çox müraciət daxil olub və bir neçə mərhələdən ibarət olan seçim prosesində 30-a yaxın şəxs təcrübə proqramında iştirak şansı qazanıb.

R.Rüstəmov bildirib ki, ötənilki təcrübə proqramına seçilən şəxslərdən 20 nəfəri hazırda “AzInTelecom” MMC-nin əməkdaşlarıdır. Həmin təcrübəçilərin əksəriyyəti informasiya təhlükəsizliyi sahəsi üzrə ixtisaslaşmış gənclər olsa da, bu il seçilən namizədlər, demək olar ki, şirkətin fəaliyyət istiqamətlərinə daxil olan bütün sahələri əhatə edir. Onlar “AzInTelecom” MMC-nin Rəqəmsal həllər, Hüquq və sənədlərə nəzarət, İnsan kapitalının idarə olunması, İnformasiya texnologiyaları, Keyfiyyətə nəzarət, Maliyyə, Təchizat zəncirinin idarə olunması, Layihələrin idarə olunması, Kommersiya departamenti və Əməliyyat departamentinin Sertifikatlaşma üzrə sınaq laboratoriyası şöbəsində təcrübə keçəcəklər, gündəlik tapşırıqların həlli nəticəsində real iş təcrübəsi əldə etmiş olacaqlar.

Ötənilki təcrübə proqramına qatılan və hazırda “AzInTelecom” MMC-nin əməkdaşı olan Arzu Rəhimli bildirib ki, iki min namizəd arasından seçilib proqramda iştirak şansı qazanmaq onlar üçün ilk və böyük nailiyyətdir: “Bir il əvvəl mən də burada sizin kimi təcrübəçi idim. Proqramın sonunda İnformasiya təhlükəsizliyi departamentinin əməkdaşı olaraq işə götürüldüm. İndi isə Kommersiya departamentində məhsulun inkişafı üzrə mütəxəssis vəzifəsindəyəm. “AzInTelecom” özünə güvənən və özünü inkişaf etdirən şəxslərin uğur qazanması üçün böyük şanslar yaradır. Mən hazırda bakalavr təhsilini bitirməmişəm, amma belə məsuliyyətli bir sahə mənə həvalə olunub”.

Digər əməkdaşlar da çıxış edərək təcrübəçi kimi keçdikləri eksperiment dövründən danışıb və qeyd ediblər ki, yeni iştirakçıları özlərinin yaşadıqları çətinlik və əldə etdikləri uğurlar barədə məlumatlandıraraq onların sürətli inkişafına təkan vermiş olurlar.