“Intern Academy” layihəsi çərçivəsində IT sahəsində təhsil alan tələbələrə təlim keçirilib
11 Noy, 2022

Noyabrın 10-da Gənclər Fondu və BMT-nin Uşaq Fondunun (UNİCEF) Azərbaycan nümayəndəliyinin birgə təşkil etdiyi “Intern Academy” layihəsi çərçivəsində  “AzInTelecom” MMC-nin İnformasiya Təhlükəsizliyi departamentinin mütəxəssisləri tərəfindən kompüter elmləri, informasiya texnologiyaları, kibertəhlükəsizlik və s. ixtisaslar üzrə təhsil alan tələbələrə təlim keçirilib.

Ümumilikdə iki qrupa keçirilən 2 saatlıq təlim bir neçə mövzunu əhatə edib. Təlimin birinci hissəsində informasiya təhlükəsizliyi haqqında təqdimat nümayiş olunub. Təqdimatda informasiya təhlükəsizliyinin komponentləri, sosial mühəndislik hücumları və növləri, fişinq və növləri, bu hücumlardan qorunma üsulları, internet və e-poçt təhlükəsizliyi kimi mövzular işıqlandırılıb. Həmçinin Azərbaycandakı və ölkəmizdən kənardakı məşhur sosial mühəndislik hücumları tələbələrlə birgə müzakirə olunub.

Təlimin ikinci hissəsində isə IT və informasiya təhlükəsizliyi sahəsi ilə bağlı karyera məsləhətləri verilib. Təlim iştirakçılarının bu sahəyə aid sualları cavablandırılıb.

Qeyd edək ki, informasiya təhlükəsizliyi savadlılığının artırılması üçün İnformasiya Təhlükəsizliyi departamentimiz tərəfindən vaxtaşırı təlimlər keçirilir.