"Femmes Digitales" təşkilatının üzvləri ilə "AzInTelecom" MMC-nin heyəti arasında görüş keçirilib
24 Okt, 2022

“Azərbaycan Qadınlarının İKT Klubu – FEMMES DIGITALES” təşkilatının xanım üzvləri ilə “AzInTelecom” MMC-də görüş keçirilib

Klub üzvləri öncə şirkətə məxsus Data Mərkəzini ziyarət ediblər, onlara infrastruktur barədə məlumat verilib.

Daha sonra keçirilən görüş zamanı “AzInTelecom” MMC-nin İdarə Heyətinin rəhbəri Elxan Əzizov qonaqları salamlayaraq ziyarət üçün onlara minnətdarlığını bildirib.

E.Əzizov qeyd edib ki, şirkətin ümumi əməkdaşlarının 42 faizi, bu il işə qəbul olanların 3-də 1-i, təcrübəçilərin isə 40 faizi qadınlardır. O, həmçinin əlavə edib ki, İT sektorunda qadınların rolunun artırılmasını, gənc xanımların bu sahədə potensialının düzgün qiymətləndirilərək inkişafına dəstək verilməsini yüksək qiymətləndirir.

Elxan Əzizov bildirib ki, “AzInTelecom” MMC də bu istiqamətdə fəal işlər həyata keçirir. Bu il elan olunan təcrübə proqramının iştirakçılarının təxminən yarısının xanımlar olduğunu və onların əksəriyyətinin informasiya təhlükəsizliyi üzrə təcrübə keçdiyini, artıq bir neçə xanım təcrübəçinin şirkətdə işlə təmin edildiyini qeyd edib.

Şirkətin Kommersiya departamentinin direktoru Ruslan Əliyev qonaqlara şirkətin yaranması, fəaliyyət istiqamətləri, məhsul və xidmətləri haqda ümumi məlumat verib.

“Femmes Digitales” təşkilatının həmtəsisçisi Safiya Ağamirova çıxış edərək təşkilatın tarixçəsi, onun üzvləri və fəaliyyəti haqqında məlumat verib. O bildirib ki, daha çox regionlarda yeniyetmə qızların maarifləndirilməsinə üstünlük verirlər.

S.Ağamirova bu günədək həyata keçirdikləri layihələrdən və təcrübələrindən danışaraq qeyd edib ki, bir neçə il öncə dəstək verdikləri ucqar kəndlərdə yaşayan qızların indi tanınmış İT şirkətlərdə işlə təmin ediliblər.

Daha sonra “AzInTelecom” MMC-nin şöbə müdiri Fərrux Fərəcullayev təqdimat edərək SİMA yeni nəsil rəqəmsal imza, onun yaratdığı imkanlar, istifadə sahələri, üstünlükləri və gələcək planlar haqqında klubun üzvləri olan xanımlara ətraflı məlumat verib.

Şirkətin layihə meneceri Pərvin Vəzirova da çıxışında “Hökumət buludu” layihəsi haqda təqdimat edərək ətraflı məlumat verib. O bildirib ki, dövlət qurumlarının öz İT sistemlərini “AzInTelecom” MMC-yə məxsus Data Mərkəzinə miqrasiya etməsi təhlükəsizliyi yüksək səviyyədə təmin edərək daha çevik xidmətlər göstərməyə, həmçinin dövlət büdcəsindən ayrılan xərclərə qənaət etməyə imkan yaradır.

Sonda Femmes Digitales təşkilatının üzvlərinin “AzInTelecom” MMC-nin məhsul və xidmətləri ilə bağlı sualları cavablandırılıb.

“Azərbaycan Qadınlarının İKT Klubu – FEMMES DIGITALES” təşkilatı azərbaycanlı qadınların informasiya-kommunikasiya texnologiyaları barədə məlumatlılığının artırılması, habelə İKT sahəsinə marağının formalaşdırılması istiqamətində fəaliyyət göstərir.