Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən “AzInTelecom” MMC-nin yaratdığı SİMA mobil tətbiqinə rəqəmsal yeni nəsil rəqəmsal imza ilə imzalanmış sənədlərin yoxlanması funksiyası əlavə edildi.

Yeni funksiyanın tətbiqi nəticəsində vətəndaşlara SİMA mobil tətbiqi vasitəsilə sənədlərin imza müəlliflərini, imzalanma tarixi və sənədin məzmununda hər hansı təhrif barədə məlumatı əldə etmək imkanı yaradılır.

Hazırda müxtəlif sahələr üzrə fəaliyyət göstərən şirkətlərin və dövlət qurumlarının SİMA yeni nəsil rəqəmsal imza ilə inteqrasiyası həyata keçirilir.

Hazırkı mərhələdə maliyyə-bank sahəsində fəaliyyət göstərən 9 özəl şirkətlə inteqrasiya prosesi real mühitdə davam edir. Həmçinin, 4  dövlət qurumu, 2 elektronika mağazaları şəbəkəsi və 1 mobil operator şirkəti ilə inteqrasiya həyata keçirilir.

Ümumilikdə 12-si dövlət qurumu olmaqla, 60-dan çox müəssisə SİMA yeni nəsil rəqəmsal imzanın xidmətlərindən yararlanmaq məqsədilə inteqrasiya həyata keçirir.

Bu günədək isə maliyyə sahəsində fəaliyyət göstərən “PAŞA Bank”, “Turanbank”, “Yelo Bank”, “Azkredit” BOKT, “Kredit Evi” QSC öz xidmətlərinin daha əlçatan olması və müştərilər tərəfindən çevik əldə edilməsi üçün SİMA yeni nəsil rəqəmsal imza ilə inteqrasiyanı yekunlaşdırıb. Bundan əlavə SİMA ilə FİNDOC platformasına (www.findoc.az) daxil olan vətəndaşlar özlərinin kredit skorunu, tarixçələri və hesabatı əldə edə bilərlər.

Həmçinin, sığorta şirkətləri olan “PAŞA Həyat”, “Bakı Sığorta”, “Qala Sığorta” və “Qala Həyat” öz məhsullarını SİMA imza vasitəsilə təqdim edir.

Eyni zamanda, vətəndaşlar SİMA vasitəsilə “ASAN Login”ə daxil olmaqla 80 portal və sistemə vahid məkandan giriş-çıxış imkanı əldə ediblər. “Azərişıq” ASC-nin “Əhali abonentinin enerji təchizatı şəbəkəsinə qoşulması” xidmətinə müraciət edərkən sənədləri SİMA ilə daha rahat imzalaya bilərlər.

SİMA rəqəmsal imza ilə bağlı daha ətraflı məlumatı şirkətin rəsmi saytından və “157” Çağrı Mərkəzi ilə əlaqə saxlayaraq əldə edə bilərsiniz.