“AzInTelecom" MMC-nin təcrübəçiləri sertifikatla təltif edildi
30 Sen, 2022

"AzInTelecom" MMC-nin yay təcrübə proqramında iştirak edən təcrübəçilərə sertifikatlar təqdim edilib.

Bu il proqrama seçilən gənclərin bir qismi artıq təcrübə müddətini başa vuraraq növbəti mərhələyə keçiblər.

“AzInTelecom” MMC-nin İnformasiya təhlükəsizliyi departamentində təcrübə keçən 19 nəfər sertifikatla təltif edilib, onlardan 13-ü fərqlənmə sertifikatı alaraq təcrübə proqramının ikinci mərhələsində iştirak edəcəklər. Təcrübə proqramının ikinci mərhələsini də uğurla yekunlaşdıran təcrübəçilər işlə təmin olunmaq şansı qazanacaq.

Həmçinin təcrübəçilərə mentorluq edərək onlarla davamlı kommunikasiyada olan “AzInTelecom” MMC-nin 6 əməkdaşı “Təşəkkürnamə” ilə təltif olunub.

Qeyd edək ki, bu il təcrübə proqramına 2000-dən çox müraciət daxil olub və bir neçə mərhələdən ibarət olan seçim prosesində 30-a yaxın şəxs iştirak şansı qazanıb. Ötənilki təcrübə proqramına seçilən şəxslərdən isə 20 nəfəri hazırda “AzInTelecom” MMC-nin əməkdaşlarıdır.