Dövlət Reklam Agentliyi “Hökumət buludu”nda əldə etdiyi xidmətləri genişləndirir
07 Sen, 2022

Prezident İlham Əliyevin “Hökumət buludu”nun (G-cloud) yaradılması və bulud xidmətlərinin göstərilməsi sahəsində tədbirlər haqqında Fərmanının icrası məqsədilə dövlət qurumlarının informasiya sistemlərinin Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyininin (RİNN) tabeliyində fəaliyyət göstərən “AzInTelecom” MMC-yə məxsus Data Mərkəzinə miqrasiyası həyata keçirilir.

Azərbaycan Dövlət Reklam Agentliyi (ADRA) xidmət səviyyəsinin artırılması, daha çevik IT həllərə malik olmaq məqsədilə hazırda istifadə etdiyi bulud xidmətlərini genişləndirmək qərarı verib.

Prosesin detallarının müzakirə olunması və razılaşdırılması ilə bağlı “AzInTelecom” rəsmiləri ilə ADRA rəhbərliyi arasında görüş keçirilib. Görüşdə ötən ildən başlayaraq IT resurslarının “Hökumət buludu”na miqrasiyasını həyata keçirən ADRA-nın indiki mərhələdə də “AzInTelecom” MMC-nin təqdim etdiyi xidmətlərdən yararlanmaqda maraqlı olduğu vurğulanıb.

ADRA bulud xidmətləri çərçivəsində infrastruktur (IaaS) və rezervləmə (BaaS) xidmətlərindən faydalanır.

Agentliyə məxsus biznes-kritik sistemlər, habelə sahibkarlara açıq məkanda reklamlara icazə verilməsi üçün istifadə edilən İcazələr sistemi “AzInTelecom”un təqdim etdiyi bulud xidmətlərində yerləşdirilib.

ADRA IT resurslarını “Hökumət buludu”nda yerləşdirməklə biznes üçün kritik sistemlərinin yüksək əlçatanlığını təmin edib.

Dövlət qurumlarının “Hökumət buludu”na miqrasiyası cari IT xərclərinin azalması və informasiya sistemlərinin məhsuldarlığının artırılması ilə bərabər informasiya sistemlərinin təhlükəsizliyinin daha da təkmilləşdirilməsinə, sabit və dayanıqlı IT infrastrukturuna, operativ koordinasiya ilə yüksək keyfiyyətli servis təminatı və 24/7 monitorinq xidmətinə nail olunur.

Qeyd edək ki, “AzInTelecom” Azərbaycan və Cənubi Qafqaz regionunda “TIER III” Beynəlxalq uyğunluq sertifikatına malik ilk qurumdur. Bundan əlavə, “ISO 20000”, “ISO 22301” və “ISO 27001” sertifikatlarının tələblərini ödəyən Bakı və Yevlaxda yerləşən 2 Əlçatanlıq Zonasına (Data Mərkəzinə) malikdir.

“AzInTelecom” MMC-yə məxsus Bakı Data Mərkəzi Yevlax Əlçatanlıq Zonası vasitəsilə fövqəladə hal zamanı bulud sisteminə miqrasiya olunmuş məlumatların qorunması və informasiya sistemlərinin fasiləsiz fəaliyyət göstərməsi (DRaaS) xidmətini həyata keçirir. Qurumların məlumatları nüsxələnərək hər iki Əlçatanlıq Zonasında saxlanılır və real vaxt rejimində xidmət göstərilərək fəlakətlər zamanı sistemlərin davamlı, fasiləsiz işləməsi təmin edilir.

Əlçatanlıq Zonasının keyfiyyətli infrastruktur və peşəkar mütəxəssislər vasitəsilə dəstəklənməsi müştərilər üçün informasiya texnologiyalarından istifadənin səmərəliliyini daha da artırmağa imkan yaradır.

Şirkətə məxsus Bakı Data Mərkəzi dövlət və özəl sektora “Bulud infrastrukturu”, “Yerləşdirmə”, “AZCLOUD Drive”, “Arxivləşdirmə”, “Rezervlənmə”, “Microsoft” məhsulları, “Oracle” məhsulları və “Virtual İP Telefoniya” kimi genişmiqyaslı və çoxşaxəli bulud xidmətlərini təqdim edir.