“AzInTelecom”un təcrübəçilərinə silsilə təlimlər keçirildi
01 Sen, 2022

“AzInTelecom” MMC-də yay təcrübə proqramına seçilən 30-a yaxın tələbəyə silsilə təlimlər keçirilib.

İlk olaraq təcrübəli və tanınmış mentor Mehmet Eğilmezer təcrübəçilərlə karyera seçimi ilə bağlı müzakirələr aparıb.

Təlimin nəzəriyyə hissəsindən sonra gənclərlə söhbət zamanı onlara karyera seçimində diqqət etməli olduqları məqamlar və kommunikasiyanın artırılması barədə məsləhətlər verilib.

Növbəti gün keçirilən tədbirdə Keyfiyyətə Nəzarət departamentinin təcrübəçisi Məmməd Məmmədov tərəfindən “Müdafiənin üç səviyyəsi” mövzusunda təqdimat edib.

Təcrübə proqramına cəlb olunan iştirakçıların yiyələndikləri bilikləri digər təcrübəçilərlə paylaşması məqsədilə keçirilən tədbir zamanı risklərin idarə olunması, izlənilməsi və rəhbərliyə təminat verilməsi istiqamətində fikir mübadiləsi aparılıb.

Təlimlərin üçüncü günündə Mərkəzi Bankın department direktoru “AzInTelecom”un təcrübəçiləri ilə görüşüb.

Mərkəzi Bankın İT departamentinin direktoru Anar Quliyev “ISO 27001” informasiya təhlükəsizliyi standartının iş mühitində tətbiqi ilə bağlı təcrübələrini gənclərlə paylaşıb.

Sonuncu təlimdə bank, telekommunikasiya, sənaye sahələri ilə bağlı son kibertəhlükəsizlik riskləri mövzusunda fikir mübadiləsi aparılıb.

İnformasiya Təhlükəsizliyinin İdarəedilməsi sahəsi üzrə ekspert İlqar Əliyev təcrübəçilərlə görüşərək "Kibertəhdidlər və risk önləmə metodologiyaları" mövzusunda nəzəri biliklərini bölüşüb.

Təlimçi iştirakçılarla söhbət zamanı öz təcrübələri əsasında faydalı fikirlərini də paylaşıb.

Qeyd edək ki, bu il təcrübə proqramına 2000-dən çox müraciət daxil olub və bir neçə mərhələdən ibarət olan seçim prosesində 30-a yaxın şəxs təcrübə proqramında iştirak şansı qazanıb. Ötənilki təcrübə proqramına seçilən şəxslərdən isə 20 nəfəri hazırda “AzInTelecom” MMC-nin əməkdaşlarıdır.