“Hökumət buludu” layihəsi dayanıqlı inkişaf strategiyasına əsaslanacaq
05 İyl, 2022

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 3 iyun 2019-cu il tarixli Fərmanı əsasında “Hökumət buludu”nun yaradılması prosesi Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki “AzInTelecom” MMC tərəfindən həyata keçirilir.

Dövlət informasiya sistemlərinin və ehtiyatlarının vahid platformaya inteqrasiyası nəticəsində idarəçiliyin optimallaşdırılmasına, koordinasiyanın effektiv təşkilinə, əhaliyə göstərilən elektron xidmətlərin çevikliyinin, səmərəliliyinin daha da artırılmasına şərait yaradılacaq. 

Bulud hesablama tətbiqlərinin sayı 2013-cü ildən bəri təxminən üç dəfə artaraq 545-dən 1427 müxtəlif xidmətə çatıb. Bulud əsaslı xidmətlərə tələbatın yüksəlməsi, yeni texnologiyaların tətbiqi və investisiyaların intensivləşməsi ilə bu sahənin daha da inkişaf edəcəyi proqnozu “Hökumət buludu” layihəsi üçün uzunmüddətli və dayanıqlı strategiyanın hazırlanmasını zəruri edir.

“Hökumət buludu” layihəsinin konsepsiyasının hazırlanması, keyfiyyətli və effektiv icrasını təmin etmək məqsədilə ABŞ, Böyük Britaniya, Türkiyə, Norveç, İrlandiya və Estoniya kimi bir sıra qabaqcıl ölkələrin təcrübəsi öyrənilməklə bərabər çoxsaylı beynəlxalq şirkətlərlə təcrübə mübadiləsi aparılıb.

Aparılan müzakirələr zamanı müasir standartlara cavab verən etibarlı “Hökumət buludu”nun uzunmüddətli inkişaf strategiyasının hazırlanması və dövlət qurumlarının miqrasiya məsələləri müzakirə olunmaqdadır.

Dövlət qurumlarının “Hökumət buludu”na miqrasiyası ilə cari İT xərclərinin azalması və informasiya sistemlərinin məhsuldarlığının artırılması ilə bərabər informasiya sistemlərinin təhlükəsizliyinin daha da təkmilləşdirilməsinə, sabit və dayanıqlı İT infrastrukturuna, operativ koordinasiya ilə yüksək keyfiyyətli servis təminatı və 24/7 monitorinq xidmətinə nail olunur.

Qeyd edək ki, “AzInTelecom” MMC Azərbaycan və Cənubi Qafqaz regionunda “TIER III” Beynəlxalq uyğunluq sertifikatına malik ilk qurumdur. Bundan əlavə, “ISO 20000”, “ISO 22301” və “ISO 27001” sertifikatlarının tələblərini ödəyən Bakı və Yevlaxda yerləşən 2 Əlçatanlıq Zonasına (Data Mərkəzinə) sahibdir.

Şirkətə məxsus AZCLOUD Data Mərkəzi dövlət və özəl sektoruna “Bulud infrastrukturu”, “Yerləşdirmə”, “AZCLOUD Drive”, “Arxivləşdirmə”, “Rezervlənmə”, “Microsoft” məhsulları, “Oracle” məhsulları və “Virtual İP Telefoniya” kimi genişmiqyaslı və çoxşaxəli bulud xidmətlərini təqdim edir.