“IMEI.az” informasiya sisteminin xidmətləri Vahid Elektron Xidmətlər Portalı üzərindən təqdim ediləcək
24 İyn, 2022

“IMEI.az” informasiya sisteminin xidmətləri 27 iyun 2022-ci il tarixindən Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Vahid Elektron Xidmətlər Portalı üzərindən təqdim ediləcək.

Vətəndaşlar “IMEI.az” saytında təqdim edilən bütün xidmətləri (İMEİ kodun yoxlanılması, Mobil cihazların qeydiyyatdan keçirilməsi, Mobil cihazların qeydiyyat tarifləri) Vahid Elektron Xidmətlər Portalından əldə edə bilərlər.

Portalda qeydiyyatdan keçmədən hər üç xidmətdən yararlanmaq mümkündür.

Qeyd edək ki, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi müxtəlif internet resursları üzərindən vətəndaşlara 57 adda rəqəmsal xidmət təqdim edir. Hazırda onların bir platformada toplanması prosesi gedir. Vahid Elektron Xidmətlər Portalının yaradılması rəqəmsal xidmətlərdən istifadənin genişlənməsinə, elektron hökumətin inkişafına müsbət təsir edəcək, səmərəliliyin və şəffaflığın daha da artırılmasına təkan verəcək.