Bakı və Sumqayıt məktəbliləri üçün “AzInTelecom”da infotur təşkil olunub
14 Apr, 2022

Təhsil Nazirliyinin təşkilatçılığı ilə Bakı və Sumqayıt məktəbliləri üçün Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən “AzInTelecom” MMC-də infotur təşkil olunub.

İnfotur zamanı məktəblilər “AzInTelecom”un inzibati binası, buradakı laboratoriyalar, eləcə də iş prosesi ilə yaxından tanış olublar.

“AzInTelecom”un İdarə Heyətinin sədri Elxan Əzizov məktəbliləri salamlayaraq qurum haqqında geniş məlumat verib. Bildirilib ki, 2015-ci ildə yaradılan qurumun fəaliyyət istiqamətləri Azərbaycan və xarici ölkələr arasında beynəlxalq səs trafiki mübadiləsinin təşkili, bulud xidmətləri, biznes həllər, mərkəzləşdirilimiş informasiya sistemlərindən ibarətdir. Cənubi Qafqaz, o cümlədən Azərbaycanın ən böyük əlçatanlıq zonasına sahib olan və biometrik autentifikasiyaya əsaslanan yeni nəsil rəqəmsal imzanın yaradıcısı “AzInTelecom” MMC-nin ölkəmizin rəqəmsal inkişafında aparıcı rol oynadığı qeyd edilib.

Elxan Əzizov deyib ki, məktəblilərin İT, telekommunikasiya, bulud texnologiyası kimi vacib sahələrə maraq göstərməsi təqdirəlayiq haldır. O, məktəbliləri bu istiqamətlərdə özlərini inkişaf etdirməyə və “AzInTelecom” komandasına qoşularaq ölkəmizin rəqəmsal gələcəyinin formalaşdırılmasında birgə iştiraka çağırıb. E.Əzizov əlavə edib ki, güclü kadr potensialına sahib olan “AzInTelecom” MMC komandasına daim yeni üzvlər cəlb olunur.

Daha sonra “AzInTelecom”un Marketinq şöbəsinin müdiri Xalid Xalidli təqdimatla çıxış edib. O, qurumun xidmət və məhsulları haqqında geniş məlumat verərək “AzInTelecom”da mövcud olan perspektiv imkanlar, eləcə də təcrübə və startap proqramlarından danışıb.

Sonda məktəblilərin sualları cavablandırılıb.