"AzInTelecom" MMC-nin İnsan resursları departamenti COVID-19 pandemiyası ilə əlaqədar olaraq 2020-ci il ərzində fəaliyyətində bir sıra yeniliklərin tətbiqinə başlayıb. Yeniliklər sırasında işə qəbul prosesinə rəqəmsal platformaların cəlb olunmasını xüsusilə qeyd etmək lazımdır. Belə ki, yeni növ koronavirus infeksiyasının kütləvi yayılmasının qarşısını almaq üçün tətbiq edilən xüsusi karantin rejiminin qaydalarına əməl etmək məqsədilə vakansiyalara müraciət edən uyğun namizədlər  “Zoom”, “Microsoft Teams”, “Cisco Video Conference” kimi platformalar üzərindən müsahibə olunub.

İnsan resursları departamentinin işə qəbul komandası bu metodu tətbiq etməklə həm namizədlərin evdə qalaraq sağlamlığını qorumasına, həm də onların müsahibəyə ayırdığı vaxta qənaət etməsinə şərait yaradıb. Nəticədə COVID-19 pandemiyası dövrü ərzində 18 nəfər namizəd müxtəlif vakant yerlər üzrə müsahibələri uğurla başa vuraraq işə qəbul olunub.