AzInTelecom öz yeni məhsullarını "BakuTel 2019" sərgisində təqdim edir
04 Dek, 2019

Dekabrın 3-də “Bakutel-2019” 25-ci Yubiley Azərbaycan Beynəlxalq Telekommunikasiya, İnnovasiya və Yüksək Texnologiyalar sərgisi öz işinə başlayıb. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin nəzdində fəaliyyət göstərən “AzInTelecom” MMC sərgidə yeni xidmət və layihələrini təqdim edib.

Dekabrın 4-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin, birinci xanım Mehriban Əliyevanın və Arzu Əliyevanın sərgini ziyarəti müddətində dövlət başçısına “AzInTelecom” MMC-nin cari fəaliyyəti və gələcək planları haqqında ətraflı məlumatlar təqdim olunub.

Ölkə başçısına bildirilib ki, “Hökumət buludu”nun arxitekturası işlənib hazırlanıb və həmin arxitekturaya əsasən “Hökumət Buludu”nun fəaliyyəti əsas, ehtiyat, arxiv, test data mərkəzləri olmaqla dörd data mərkəzi vasitəsilə həyata keçiriləcək. “Hökumət Buludu”nda yaradılacaq infrastrukturla bağlı tələb olunan maliyyə vəsaiti  hesablanaraq aidiyyəti qurumlara təqdim olunub. “Hökumət buludu” Konsepsiyası nəzərə alınmaqla, dövlət informasiya sistemləri və ehtiyatlarının  2020-2023-ci illər üzrə miqrasiyasını əhatə edəcək “Hökumət buludu”na Keçid Planı layihəsi hazırlanıb. Artıq 29 dövlət qurumu “Hökumət buludu” layihəsi çərçivəsində öz informasiya ehtiyatlarının bir qısmini “Azcloud Hökumət həlləri” buluduna miqrasiya edib. “Azcloud Hökumət həlləri”nin istifadəsini maksimal olaraq asan və rahat etmək üçün vahid pəncərə modelinə əsasən işləyən "AZCLOUD" özünüidarəetmə platformasının üstünlükləri qeyd olunub.

Qeyd olunub ki, dövlət informasiya sistemlərinin və ehtiyatlarının “Hökumət buludu”na inteqrasiyasının effektiv təşkili yolu ilə dövlət idarəçiliyində xərclərin azaldılması və dövlət qurumları arasında koordinasiyanın yüksəldilməsi məqsədilə “Hökumət buludu” (G-cloud) layihəsi ilə əlaqədar işlərə artıq start verilib.

Beynəlxalq təcrübəyə əsasən “Hökumət buludu”na miqrasiya edən dövlətlər İT xərclərinə 25-30% qənaət etmiş olurlar. Belə ki, İT infrastrukturunun “Hovuz prinsipi” əsasında daha səmərəli istifadə edilməsi üçün imkan yaranır.

AzInTelecom-un təqdim etdiyi yeni məhsullarla və layihələrlə bağlı təqdimatlar təşkil olunub. Rezervlənmə xidməti, arxivləşdirmə xidməti, biznesin təşkili xidməti və təhlükəsizlik xidtmətləri ilə  bağlı məlumatlar verilib. Bundan əlavə, Yevlaxda ehtiyat data mərkəzi, Azcloud Hackathon yarışması, Azcloud Hackathon yarışması və gələcək planlarlar haqqında məlumatlar açıqlanıb.

Sərgi çərçivəsində AzInTelecom stendində bulud texnologiyaları üzrə ən son xidmətlərin Azcloud MeetUp adlanan interaktiv sessiyalar təşkil olunub. Adıçəkilən sessiyalar çərçivəsində əsəsən məlumatların qorunması və təhlükəsizliyi mövzusunda 2 saat ərzində 5 təqdimat, 3 demo nümayişi və sual-cavab sessiyaları keçirilib.