“AzInTelecom” MMC ilə Belarusiya Respublikasının Trafik Mübadiləsi Milli Mərkəzi arasında beynəlxalq telekommunikasiya xidmətlərinin göstərilməsi haqqında müqavilə imzalanmışdır
04 Dek, 2019

Azərbaycan ilə dünya ölkələri arasında beynəlxalq telekommunikasiya xidmətlərinin alternativlik və yüksək keyfiyyətlə təmin edilməsi, həcminin artırılması və müasir xidmətlərin tətbiq edilməsi məqsədilə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin nəzdində fəaliyyət göstərən “AzInTelecom” MMC tərəfindən  hazırda 30-dan çox Avropa, Asiya, Amerika və Afrika qitələrində fəaliyyət göstərən beynəlxalq səs operatorları ilə ən son texnologiyalar və siqnallaşma sistemləri üzərindən 12,337 ədəd birbaşa texniki arabağlantı kanalları təşkil edilmişdir.

Bununla əlaqədar olaraq dekabrın dördündə 25-ci Yubiley Azərbaycan Beynəlxalq Telekommunikasiya, İnnovasiya və Yüksək Texnologiyalar sərgisi – “Bakutel-2019” çərçivəsində “AzInTelecom” MMC ilə Belarusiya Respublikasının Trafik Mübadiləsi Milli Mərkəzi arasında beynəlxalq telekommunikasiya xidmətlərinin göstərilməsi haqqında müqavilə imzalanmışdır.

Tərəflər arasında göstərilən beynəlxalq rabitə xidmətlərinin keyfiyyətinin artırılması məqsədilə şəbəkələrin qarşılıqlı test edilməsi razılığına gəlinmişdir. Müqaviləyə əsasən təşkili nəzərdə tutulmuş test işləri şəbəkənin ümümi keyfiyyət göstəricilərinin qiymətləndirilməsinə, arabağlantı kanallarına üçüncü tərəflər tərəfindən xoşagəlməz müdaxilə cəhdlərinin vaxtında müəyyən olunmasına və tədbirlərin görülməsinə, qanunsuz beynəlxalq səs trafikinin ötürülməsi ilə mübarizənin artırılmasına imkan yaradacaqdır.

Azərbaycan ilə dünya ölkələri arasında beynəlxalq səs trafikinin keyfiyyət göstəricilərinin yüksəldilməsi və rabitənin fasiləsizliyinin təmin edilməsi məqsədilə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən mütəmadi olaraq tədbirlər görülməkdədir.