Elektron Hökumət üzrə İcra Qrupunun üçüncü görüşü keçirilib
08 Noy, 2019

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin birgə təşkilatçılığı ilə Şamaxıda Elektron Hökumət üzrə İcra Qrupunun “Hökumət buludu”na (G-cloud) həsr olunan görüşü keçirilib.

Tədbirdə “Hökumət buludu”nun yaradılması və “bulud” xidmətlərinin göstərilməsi sahəsində “Hökumət buludu” (G-cloud) Konsepsiyasının icrası barədə məlumat verilib.

Bildirilib ki, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin “Azcloud Hökumət həlləri” yaradılıb və dövlət informasiya sistemləri və ehtiyatlarının “Hökumət buludu”na Keçid Planının layihəsi hazırlanıb. Artıq bir neçə dövlət qurumu “Hökumət buludu” layihəsi çərçivəsində öz informasiya ehtiyatlarını “AzInTelecom” MMC-nin “Azcloud Hökumət həlləri” data mərkəzinə miqrasiya edib.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən “Hökumət buludu” layihəsinin icraçısı olan “AzInTelecom” MMC-nin direktor müavini Ceyhun Əliyev “Innovated G-cloud Azerbaijan” adlanan təqdimatda “Hökumət buludu” xidmətləri, “Hökumət buludu”nun arxitekturası, “Hökumət buludu”nun rəqəmsal hökumətdə həcmcə böyüyən informasiya ehtiyatlarına olan texnoloji tələbatın qarşılanmasında, informasiya sistemlərinin virtual “bulud” mühitində modernləşməsində üstünlüyü və bu sahədə dünya təcrübəsi barədə məlumat verib.

Tədbirdə çıxış edən Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov vətəndaşların elektron xidmətlərə müraciət edəcəyi ünvanlar və xidmətlərdən istifadə barədə maarifləndirmə işlərinin aidiyyəti dövlət qurumları ilə birgə aparılmasının vacibliyini qeyd edib.

Görüşdə beynəlxalq ekspert, professor Con K. Koyle tərəfindən İcra qrupunun üzvləri cəlb edilməklə “Dizayn düşüncəsi” (Design thinking) mövzusunda təqdimat təşkil edilib.

Tədbir çərçivəsində iştirakçılar Şamaxı Astrofizika Rəsədxanasını ziyarət edib, həmçinin müxtəlif istiqamətli mövzular üzrə sərbəst müzakirələr aparıblar.

Elektron Hökumət üzrə İcra Qrupunda 60-a yaxın müxtəlif dövlət qurumunun nümayəndəsi təmsil olunur.