Macarıstanın paytaxtı Budapeşt şəhərində keçirilən “ITU Telecom World 2019” beynəlxalq sərgi-konfransı davam edir
10 Sen, 2019

Tədbir çərçivəsində Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının informasiya və kommunikasiya texnologiyaları (İKT) nazirlərinin görüşü keçirilib.

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Azərbaycanda təşkil ediləcək Zirvə Toplantısından öncə keçirilən görüşdə Azərbaycan, Türkiyə, Qazaxıstan və Qırğızıstan rəsmiləri İKT sahəsində hazırkı vəziyyəti müzakirə ediblər.

Eyni zamanda, İKT-nin müvafiq istiqamətləri üzrə gələcək perspektivlər barədə fikir mübadiləsi aparılıb.
Sentyabrın 12-dək davam edəcək beynəlxalq tədbirdə Azərbaycanı Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin nümayəndə heyəti təmsil edir. Nümayəndə heyətinin tərkibində nazirliyin qurumları, özəl İKT şirkətləri və startaplar təmsil olunurlar.

Sərgidə ölkəmiz Milli Pavilyonla iştirak edir. Pavilyonda Azərbaycanda İKT sahəsində əldə edilən nailiyyətlər, innovativ xidmətlər, tətbiqlər və həllər nümayiş olunur.

“AzInTelecom” MMC-nin DATA Mərkəzi nəzdində “Azcloud” bulud provayderi tərəfindən sərgidə bir sıra bulud həlləri təqdim olunub. Ziyarətçilərə “proqram təminatı xidmət kimi” modeli ilə “TrendMicro” Deep Security təhlükəsizlik həlləri və “VEEAM” nəzdində rezervlənmə xidməti kimi məhsullar haqqında ətraflı məlumat verilib.

Sərgidə iştirak edən gənc proqramçılar “AzInTelecom” MMC-nin sosial yönümlü “Azcloud Hackathon” layihəsi haqqında məlumatlandırılıb. Onlar 2020-ci ilin 3-cü rübündə Bakıda keçiriləcək “Azcloud Hachathon 2020” yarışmasına dəvət olunublar.