“AzInTelecom” dövlət orqanlarına ödənişsiz “Microsoft” lisenziyaları təqdim edir
05 Avq, 2019

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi (NRYTN) ölkədə əqli mülkiyyət hüquqlarının qorunması və innovasiya ekosisteminin inkişaf etdirilməsi məqsədilə “Microsoft” şirkəti ilə əməkdaşlıq edir. “AzInTelecom” MMC “Microsoft”la imzalanmış saziş çərçivəsində operator qismində bu sahədə fəaliyyət göstərir.

Bildirmək istərdik ki, ilkin mərhələdə təhsil ocaqlarına və tələbələrə lisenziyaların paylanmasına başlanılıb. Növbəti addım olaraq, dövlət qurumlarından öncədən toplanmış lisenziya tələbatına əsaslanaraq lisenziyalar paylanılır. Qısa müddət ərzində 10-dan çox dövlət qurumuna “Microsoft Windows 10”, “Microsoft Server” və “Microsoft 365” tam ödənişsiz olaraq təqdim olunub. Bu istiqamətdə işlər daha intensiv şəkildə davam etdirilir və avqust ayının sonuna qədər bütün dövlət orqanlarının ödənişsiz lisenziyalaşdırılması planlaşdırılır.

Hazırda dövlət qurumları “www.govlicense.az” saytına daxil olaraq müvafiq lisenziyaları rahat şəkildə vahid pəncərədən idarə edə bilərlər. Bu da ümumilikdə ölkə üzrə proqram təminatlarından qeyri-qanuni şəkildə lisenziyasız istifadə səviyyəsinin azalmasına gətirib çıxaracaq.