Data Mərkəzi müştəriləri lisenziyalı “Microsoft Windows Server” əsaslı virtual mühitdən istifadə edə biləcəklər
12 Sen, 2018

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin nəzdində fəaliyyət göstərən “AzInTelecom” MMC-nin Data Mərkəzi  müştərilərinə yeni xidmət təqdim edir.

Belə ki, 11 sentyabr tarixindən etibarən Data Mərkəzi müştəriləri “Microsoft (MS) Windows Server” əməliyyat sistemli virtual maşınları aylıq icarə yolu ilə əldə edə biləcəklər.

Data Mərkəzi əməliyyat sisteminin lisenziyasını bulud provayderləri üçün nəzərdə tutulan model  əsasında təqdim edir. Sözügedən lisenziyanın icarəsi müştərilərə bir sıra nəzərəçarpacaq üstünlüklər verəcək. Bununla da, müştərilər kapital xərclərindən azad olaraq istismar xərcləri əsasında “MS Windows Server” əməliyyat sistemli virtual mühitlərdən faydalana biləcəklər.  

Xidmətdən istifadənin rahat dəyişdirilə bilən olması isə tələbat yarandıqca, lisenziyaların sayını asanlıqla uyğunlaşdırmağa imkan verir.

Bundan əlavə,  “MS Windows Server”in yenilənməsi üçün müştərilərin əlavə ödəniş etməsinə ehtiyac qalmır. Əməliyyat sisteminin bütün yenilənmələri Data Mərkəzinin resursları hesabına qarşılanır. Beləliklə, virtual mühitdən istifadə etməklə müştərilər hər zaman  “MS Windows Server” əməliyyat sisteminin ən son versiyası ilə təmin olunmaq imkanına malik olur.

Xidmət haqqında ətraflı məlumat əldə etmək üçün sales@datamerkezi.az ünvanına və ya (+99450) 251 5555 mobil nömrəsinə müraciət edə bilərsiniz.