Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin nəzdində fəaliyyət göstərən  “AzInTelecom” MMC  5–8 dekabr tarixlərində keçiriləcək 23-cü Azərbaycan Beynəlxalq Telekommunikasiya və İnformasiya Texnologiyaları Sərgi və Konfransında artıq ikinci dəfə çıxış edir.

Yeni nəsil telekommunikasiya şirkəti olan “AzInTelecom” MMC ənənəvi olaraq, beynəlxalq səs trafikinin mübadiləsi və tənzimlənməsi, eləcə də, Azərbaycana idxal olunan telekommunikasiya vasitə və qurğularının sertifikatlaşdırılması xidmətləri ilə yanaşı, 2016-cı ilin sonunda istifadəyə verilən Azərbaycan və Cənubi Qafqazın TIER III sertifikatlı ilk Data Mərkəzinin texniki imkanları vasitəsilə “bulud” əsaslı həlləri “Bakutel-2017” sərgisində nümayiş etdirir.

Qeyd olunan hər 3 istiqamət üzrə keyfiyyət göstəricilərinin artırılması və göstərilən xidmətlərin ən yüksək səviyyədə təşkili üçün yeni nəsil texnologiyaları şirkətin fəaliyyətinin bütün sahələrində tətbiq olunub.

Yeni istismara verilmiş IP əsaslı Beynəlxalq Kommutasiya Sistemi Azərbaycanın bütün telekommunikasiya operatorları, eləcə də, beynəlxalq telekommunikasiya operatorları ilə ən müasir texnologiyalar əsasında texniki arabağlantı yaradılmasına imkan verir. Qeyd olunan sistemin üstünlüyü onun müasir bulud əsaslı İMS platforması üzərindən qurulmasıdır.  Bu da şəbəkəyə məhdudiyyətsiz kommutasiya imkanı, mobil və sabit şəbəkələr üzrə nömrə daşıma, müxtəlif infrastruktur və virtuallaşdırma sistemləri ilə uzlaşma, eləcə də, müxtəlif multimedia və yeni nəsil xidmətlərinin (IP TV, videokonfrans, virtual İPPBX xidməti və s.) təqdim edilməsi imkanı yaradır.

Telekommunikasiya vasitələrinin sertifikatlaşdırılması prosesinin asanlaşdırılması üçün Elektron hökumət portalında elektron müraciət xidməti yenilənərək istifadəyə verilib.  Sertifikatlaşdırma üçün tələb olunan sənədlər azaldılıb və elektron xidmətdən istifadə daha da sadələşdirilib. 

Data Mərkəzi nəzdində göstərilən “bulud” əsaslı xidmətlərə isə, hesablama, yaddaş, yerləşdirmə və şəbəkə xidmətləri daxildir.    Data Mərkəzimizin əsas üstünlükləri arasında informasiya təhlükəsizliyinin təmin edilməsi, büdcə xərclərinin optimallaşdırılması, kibertəhdidlərin qarşısının alınması və data itkisi ilə bağlı risklərin minimuma endirilməsidir. Bundan başqa, təklif etdiyimiz xidmətlərə 24/7 rejimində texniki dəstək təmin edirik.